Vyetnamda qasırğa qurbanlarının sayı 87 nəfərə çatıb

Vyetnamda qasırğa qurbanlarının sayı 87 nəfərə çatıb
  10 Sentyabr 2024    Oxunub:757
Vyetnamda “Yagi” qasırğası nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb, daha 750 nəfər xəsarət alıb.
AzVision.az "VnExpress" internet nəşrinə istinadən xəbər verir ki, Vyetnamın şimal əyalətlərinin 70 sakini itkin düşüb.

Təbii fəlakət ölkənin şimalında daşqın və sürüşmələrə səbəb olub. Son üç gündə 25 şimal əyalətinə 20-40 sm yağış yağıb. Bir sıra şimal-qərb əyalətlərində eyni dövrdə 76 sm-ə qədər yağıntı düşüb.

Meteoroloqların məlumatına görə, Vyetnamın şimalında yağıntılar sentyabrın 12-dək davam edəcək.

Təbii fəlakət 110 min hektar çəltik plantasiyasının su altında qalmasına səbəb olub, minlərlə ağac qırılıb. Bundan əlavə, 8 mindən çox binaya ziyan dəyib, elektrik enerjisi və rabitədə fasilələr yaranıb. Phu Tho əyalətinin şimalında avtomobil körpüsü uçub.

“Yagi” son onilliklərdə Vyetnamı vuran ən güclü qasırğa hesab edilir.

Həmidə İbrahimova
AzVision.az



Teqlər: Vyetnam   “Yagi”   qasırğa  





Xəbər lenti