Onun çıxışı cəmi bir neçə dəqiqə çəkib. Donald Trmap qeyri-qanuni miqrasiya problemlərindən danışan məqamda qəfil atəş səsləri eşidilib, bundan sonra səhnədə olan Tramp susaraq əlini qulağına aparıb və podiumda əyləşib. Mühafizəçilər dərhal onu mühasirəyə alıblar.
Bir neçə dəqiqə sonra telekameralar təhlükəsizlik əməkdaşlarının sağ qulağı qan içində olan keçmiş prezidenti səhnədən çıxardıqlarını qeydə alıblar.
Bir qədər sonra Donald Tramp “yaxşı olduğunu” deyib. Onun mətbuat katibi Stiven Çunun sözlərinə görə, siyasətçi Pensilvaniya ştatındakı xəstəxanalardan birində tibbi müayinədən keçir.
Trampçılar: “Seçkilərin nəticələri artıq saxtalaşdırılıb” |
ABŞ prezidenti Co Bayden Trampın mitinqində baş verənlərlə bağlı məlumatlandırılıb. Ölkənin Məxfi Xidmət departamenti mitinqdəki insidentdən sonra qoruyucu tədbirlər görüb və araşdırma aparır. Qurumun sözçüsü bildirib ki, ABŞ-nin sabiq prezidentinin təhlükəsizliyi təmin olunur.
Donald Trampa güllə atan şəxs hələ tutulmayıb. Onun atdığı güllənin Trampın başından cəmi bir santimetr aralı keçdiyi bildirilir.
Xatırladaq ki, ABŞ-də sonuncu dəfə 1981-ci ildə prezidentə sui-qəsd olub. Həmin vaxt ölkənin rəhbəri Ronald Reyqanı öldürməyə cəhd göstərilmişdi. Amma onda ağır yaralanan prezidenti ölümdən xilas etmək mümkün oldu.
Donald Trampa qarşı sui-qəsdən sonra Böyük Britaniyanın “BBC” teleşirkəti son vaxtlar bütün dünyada siyasi sui-qəsd cəhdlərinin və ölümlə hədələnmələrin sayının artmasına diqqət çəkib.
- Keçən il Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensio Kitoda qətlə yetirilib.
- Argentinanın vitse-prezidenti CKistina Fernandez de Kirşner yalnız sui-qəsdçinin tapançasının nasazlığı nəticəsində sağ qaldı.
- Yaponiyanın baş naziri Şinzo Abe kustar üsulla düzəldilmiş silahla öldürüldü.
- Bu ilin lap əvvəlində Cənubi Koreya müxalifətinin lideri Li Çje Men boynundan yaralandı.
- Bu il mayın 15-də Slovakiyanın baş naziri Robert Fitso sui-qəsd nəticəsində çox ağır yaralandı.
Son hadisəyədək ABŞ-da belə sui-qəsdlər olmasa da, ölkənin yüksək rütbəli məmurlarına daha tez-tez təhdidlər gəlməyə başlayıb. “The New York Times” qəzeti keçən il polisin ABŞ Konqresi üzvlərinə qarşı səkkiz mindən çox təhdidləri araşdırdığını və federal hakimlərə də təhdidlərin daxil olduğunu yazıb.
Sahil İsgəndərov
AzVision.az