Fransa Gürcüstana maliyyə yardımını dayandırdı

   Fransa Gürcüstana maliyyə yardımını dayandırdı
  12 İyul 2024    Oxunub:1730
"Xarici agentlər” haqqında qanunun qəbulundan sonra Fransa Gürcüstan hökumətinə maliyyə yardımını dayandıracaq.
AzVision.az Report-a istinadən xəbər verir ki, bunu Fransanın Gürcüstandakı səfiri Şerza Qasri deyib.

Gürcüstanın Avropa İttifaqına daxil olması yolu faktiki olaraq dayandırılıb. Bu, Gürcüstan hökumətinin hər kəsin bildiyi qərarların nəticəsidir. Bu səbəbdən Gürcüstan büdcəsinə birbaşa yardımımızı müvəqqəti dayandırmaq, vətəndaş cəmiyyəti və mediaya yardımı artırmaq qərarına gəldik”, – Qasri bildirib.

Onun sözlərinə görə, "bütün sahələrdə dəstəyi” bərpa etmək üçün Gürcüstan hökuməti siyasi kursunu dəyişməlidir. "Biz Gürcüstan hakimiyyətini, bütün gürcü xalqını bir yerdə durmağa, qüvvələri birləşdirməyə və sizin üçün yol hazır olduğu anda hərəkətə davam etməyə çağırırıq. Biz gözləyirik”, - Fransa səfiri vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Almaniya Gürcüstana maliyyə yardımını dayandırmaq qərarına gəlib. ABŞ həmçinin Tbilisi ilə bütün əməkdaşlıq proqramlarını nəzərdən keçirməyə başlayıb. Vaşinqton həmçinin "xarici agentlər” qanununun lehinə səs verən 30-a yaxın gürcü millət vəkilinə sanksiya tətbiq edib və iyulda keçirilməsi planlaşdırılan "Layiqli tərəfdaş” gürcü-amerikan birgə hərbi təlimini ləğv edib.

Avropa İttifaqı iyunun sonunda Gürcüstanın Aİ-yə inteqrasiyasını dayandırmaq qərarına gəlib. Aİ-nin ölkədəki səfiri Pavel Qerçenskinin qeyd etdiyi kimi, "xarici agentlər haqqında” qanun, eləcə də anti-Qərb və anti-Avropa ritorikası ölkənin Aİ-yə qoşulması ilə bağlı bəyan edilmiş məqsədlə "tamamilə uyğun gəlmir”. O, oktyabrda keçiriləcək parlament seçkilərindən sonra yeni hökumətin "nə olursa olsun” yenidən Avropaya inteqrasiya istiqamətində "ciddi işə” başlayacağına ümid etdiyini bildirib.

Aİ həmçinin Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün ayrılan 30 milyon avronu dondurub və Gürcüstan hökumətinə birbaşa yardımı azaltmaq niyyətini açıqlayıb.

AzVision.az




Teqlər:





Xəbər lenti