ABŞ-da separatizm meylləri güclənir

   ABŞ-da    separatizm meylləri    güclənir
  12 İyul 2024    Oxunub:1489
Vaşinqtonun siyasi isteblişmentinin digər ölkələrdə separatizm ocaqları alovlandırmaq siyasəti yürütməsi fonunda ABŞ-nin özündə müstəqilliyə can atan ştatların sayı artmaqdadır.
AzVision.az Amerikanın “Newsweek” həftəlik jurnalına istinadən xəbər verir ki, ABŞ-nin Nyu-Hempşir ştatının müstəqilliyinin tərəfdarı olan “NHEXIT” hərəkatı bu həftə yaydığı bəyanatda federal hökumətin səlahiyyətlərini rədd edərək, bölgəni “azad və çiçəklənən ölkəyə çevirmək” istədiyini açıqlayıb.

“Kolumbiya dairəsində yerləşən Vaşinqtonda ölkənin iflas həddinə çatdırılmasına görə məsuliyyət daşıyan 2,5 milyon seçilməmiş bürokrat var. Hələ bu azmış kimi, onlar həm də Nyu-Hempşir vətəndaşlarının hüquqlarını tapdalayaraq hər il vergi ödəyicilərinin pul kisələrindən vəsait çıxarırlar. Biz öz hökumətimizi geri almalı, sakinlərin hüquqları və əsas ehtiyaclarının müdafiəsi üzərində işləməliyik”, - jurnal “NHEXIT” hərəkatının lideri Karla Herlikdən sitat gətirir.

“Newsweek” nəşri müstəqilliklə bağlı analoji hərəkatların bəzi digər ştatlarda (Kaliforniya, Alyaska, Luiziana, Florida və Texas) da mövcud olduğunu xatırladıb. Bunların arasında ən çox tanınanı Texasdakı “TEXIT” hərəkatıdır. Jurnalda dərc edilən məqalədə bildirilir ki, hər bir regionun ABŞ-dan ayrılmasının öz səbəbləri olsa da, onların hamısını ölkə hökumətinin siyasətindən məyusluq hissi birləşdirir.

Materialın müəllifi son illərdə amerikalılar arasında müstəqillik hərəkatlarına dəstəyin artdığını göstərən statistikaya istinad edir. “YouGov” internet şirkətinin apardığı sorğunun nəticələrinə görə, respondentlərin ümumi sayının 23%-i sakini olduqları ştatın ABŞ-dan ayrılması ideyasını bəyənir. Hərçənd, rəyi soruşulanların 51%-i bunun əleyhinədir. Bununla belə, müxtəlif bölgələrdə rəqəmlər dəyişir. Bu baxımdan, 36% sakini müstəqilliy dəstəkləyən Alyaska ən çox “azadlığı sevən” ştat olub.

Bundan əvvəl “Washington Post” qəzetinə müsahibə verən amerikalı ekspertlər miqrasiya böhranı fonunda Texas hakimiyyəti tərəfindən federal sərhədin bir hissəsinin ələ keçirilməsindən narahat olduqlarını bildiriblər. Onlar son zamanlarda bir ştatın öz yurisdiksiyası altında olan ərazilərə federal hökumətin girişini əngəllədiyinə bənzər hadisənin baş verdiyini xatırlaya bilmədiklərini deyiblər. Texas universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ üzrə eksperti Stiv Vladek isə, Texas qubernatorunun “dava salmağa başladığını” vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   separatizm  





Xəbər lenti