Büdcə artımı bütün tələbləri ödəyəcəkmi? | TƏHLİL

   Büdcə artımı bütün tələbləri ödəyəcəkmi?    | TƏHLİL
  04 İyul 2024    Oxunub:2454
Cari ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqlənəndən sonra yeni rəqəmlər bəzi suallar yaradır. “2024-cü il dövlət büdcəsi haqqında” qanuna niyə dəyişiklik edildi, xərclərin artırılması hansı tələblərdən doğdu, sosial istiqamətdə hər hansı əlavə maliyyələşdirmə olacaqmı?
Ölkədə görüləsi işlər çoxdur: Böyük Qayıdış Dövlət Proqramı, milli təhlükəsizliyi möhkəmləndirmək, infrastruktur layihələrinin icrası və digər işlər maliyyə tələb edir. Xərcləri qeyd olunan məbləğdə artırmağa neftin qiymətlərinin əlverişli olması, həmçinin büdcə idarəçiliyi üzrə proqnozların yerinə yetirilməsi imkan verirdi.

Parlament rəsmiləri bildirmişdilər ki, bu və digər zəruri məsələlər büdcə qarşısında nə az-nə çox, 3 milyard 796 milyon manat əlavə tələbat yaradıb. Bu məbləğin 1 milyard 160 milyon manatı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə, 807 milyon manatı ölkənin müdafiə qabiliyyəti ilə təhlükəsizliyinə, 1 milyard 184 milyon manatı infrastruktur və digər layihələrin maliyyə təminatına, 499 milyon manatı beynəlxalq fəaliyyət üzrə tədbirlərə və digər zəruri xərclərə, 146 milyon manatı isə təmir və sair işlərə yönəldiləcək.

Göründüyü kimi, sosial istiqamətdə hər hansı əlavə maliyyələşdirmə nəzərdə tutulmayıb. Lakin dövlət büdcəsi ilə yanaşı, icmal büdcənin mühüm tərkib hissəsi olan "Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında" qanun üzrə də dürüstləşdirmə aparılıb. Buna səbəb kimi 2024-cü ilin ötən dövrü ərzində iqtisadiyyatda artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halını yüksəltmək istiqamətindəki ardıcıl tədbirlər göstərilib. Qanuna dəyişikliklər DSMF-nin gəlir mənbələri üzrə məcburi dövlət sosial sığorta haqlarında daxilolmaların faktiki icrasının yüksək artımla yerinə yetirilməsi ilə əlaqələndirilib.

İqtisadiyyat Nazirliyinin 2023-cü ildə təqdim etdiyi məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980 manat göstərilsə də, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən bunun 990 manat təşkil edəcəyi nəzərdə tutulur. Bu da o deməkdir ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların məbləği artmaqda davam edəcək. Ona görə də DSMF-nin 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektorundan sözügedən mənbə üzrə daxilolmalar 190 milyon manat artırılaraq 3 milyard 387 milyon 100 min manatdan 3 milyard 577 milyon 100 min manata çatdırılıb.

Qeyd olunan tendensiya ölkədə bir sıra mühüm sosial ödənişləri xüsusən, əmək pensiyalarını, müavinət və təqaüdləri artırmaq üçün real zəmin yarandığı qənaətinə gəlməyə imkan verir.

Bir sözlə, cari ilin dövlət büdcəsi dəyişikliklərdən sonra xərclər üzrə 39 milyard 707 milyon manat, gəlirlər üzrəsə 36 milyard 353 milyon manat təşkil edir ki, bu da əvvəlki proqnozlardan müvafiq olaraq 8% və 6,3% çox deməkdir.

Yenilənmiş büdcədə Dövlət Neft Fondundan transfert məbləğinin artırılmaması ən böyük müsbət hal olsa da, büdcə kəsirinin 764 milyon 300 min manatdan 3 milyard 354 milyon 300 min manata çatdırılırması yeganə birmənalı münasibət doğurmayan məqam hesab edilir. Bu artım daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına maliyyələşdiriləcək.

Ölkədə iqtisadi artım fonunda inflyasiyanın aşağı səviyyəsi, xarici ticarət dövriyyəsinin azalmaqda olması və bir sıra digər faktorlara nəzərən kəsiri böyütməklə xərcləri artırmaq da effektiv yol sayılmır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Büdcə  





Xəbər lenti