ABŞ konqresmenləri İsrail botlarının hücumuna məruz qalıblar

   ABŞ konqresmenləri    İsrail botlarının hücumuna    məruz qalıblar
  07 İyun 2024    Oxunub:866
Amerikalı konqresmenlərin işinə xələl gətirmək üçün İsrail botlarının (robot-proqramlarının) onlara qarşı kütləvi hücum təşkil etdiyi məlum olub.
AzVision.az Avropanın məşhur “Politico” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, İsrail botlarının kütləvi hücumu ABŞ Konqresinin 128 üzvünə qarşı həyata keçirilib. Buna səbəb həmin konqresmenlərin İsrailin Qəzza zolağındakı hərəkətlərini tənqid edən bəyanatları olub.

Qanunvericiləri hədəfə götürən təsir kampaniyasının mövcudluğu ilk dəfə mart ayında qeyd alınıb. Bu kampaniya bir həftədə İsrailin hərbi əməliyyatlarını dəstəkləyən, Fələstinin insan haqları təşkilatlarını tənqid və insan haqlarının pozulması iddialarını rədd edən 2000-dən çox koordinasiyalı şərhin yerləşdiridyiy 600-ə yaxın saxta profildən ibarət olub.

İki gün əvvəl “New York Times” (NYT) qəzeti, adı açıqlanmayan bir neçə israilli məmura istinadən, İsrail hökumətinin əməliyyatı dəstəklədiyini, lakin hədəfə alınan siyasətçilərin dəqiq sayının əvvəllər açıqlanmadığını yazıb.

Şəbəkəni ilk dəfə ifşa edən “FakeReporter” qrupunun məlumatına görə, paylaşımlar ən azı 128 ABŞ qanunvericisinin sosial media hesablarını hədəfə alıb. “Politico”nun təqdim etdiyi siyahıda əvvəllər məlum olmayan qanunvericilərin adları sırasında demokratlarıın Senatda çoxluğunun lideri Çak Şumer və demokrat senator Rafael Uornok, habelə Nümayəndələr Palatasında azlıq təkil edən demokratların lideri Hakim Ceffris və onların təmsilçiləri Cim Klibern, İlhan Ömər və Şontel Braun yer alıblar. Botların hücumuna məruz qalanlardan biri də Nümayəndələr Palatasının sədri respublikaçı Mayk Consondur.

Siyahının miqyası ondan xəbər verir ki, kampaniyanı təşkil edənlər Konqresin böyük hissəsinə təsir göstərə biliblər. Eyni zamanda, bu, onların konkret qrupları hədəf aldıqlarını, təsirin daha çox Senata deyil, Nümayəndələr Palatasına yönəldildiyini və hədəflərin böyük əksəriyyətinin demokratlar partiyasının təmsilçilərinin olduğunu sübuta yetirir.

Özlərini Amerika sosial media istifadəçiləri kimi təqdim edən dezinformasiya şəbəkəsinin şərhçiləri saxta xəbər agentliklərinə keçidlər paylaşaraq mütəmadi şəkildə İsrail yönmülü mesajlar yayırlar.

“NYT” qəzetinin məlumatına görə, bu kampaniyaya 2 milyon dollar xərcləyən İsrailin Diaspor İşləri nazirliyi onu idarə etmək üçün İsrailin “STOIC” siyasi marketinq qrupunu işə götürüb. “FakeReporter” qrupu İsrail yönmülü şərhlərin yayımlanmasının arxasında kimin dayandığını öyrənə bilməsə də, “Meta” (əvvəlki “Facebbok”) şirkəti keçən həftə dərc etdiyi hesabatda dezinformasiya kampaniyasının arxasında “STOIC”-in gizləndiyini və şirkətin sosial media platformalarına girişi blokladığını bildirib. Bununla belə, “Politico” nəşri kampaniyanın İsrail hökuməti tərəfindən dəstəkləndiyini təsdiqləyə bilməyib.

Hesabatı şərh etməkdən boyun qaçıran İsrailin ABŞ-dakı səfirliyinin sözçüsü Diaspor İşləri nazirliyinin bəyanatına istinad göstərib. Həmin bəyanatda isə sözügedən nazirlik “qəti şəkildə” hər hansı bir əlaqənin mövcudluğun rədd edib.

“Dəqiqləşdirmək istərdik ki, nə Diaspor İşləri nazirliyinin, nə də “İsrailin Səsi”nin “STOIC” ilə heç bir əlaqəsi və əməkdaşlığı yoxdur. Bunun əksini göstərən hər hansı bəyanatlar tamamilə əsassız və qeyri-səhihdir” , - İsrailin Disapor İşləri nazirliyinin açıqlamasında deyilir.

ABŞ-nin Konnektikut ştatından seçilmiş demokrat senator Riçard Blümental İsrailin dəstəklədiyi kampaniyanın onlayn yazıları ilə ən azı 88 dəfə hədəf seçilən qanunvericilərdən biridir.

“Oxuduqlarımdan başqa heç nə bilmirəm, mənimlə əlaqə saxlanılmayıb. Mən dəqiq bilmək istəyirəm ki, kim tərəfindən nə edilib və kimlə əlaqə saxlanılıb” , - Bülmental “Politico”nun məsələ ilə bağlı sualına cavab verib.

Maraqlıdır ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmiləri də istintaqın nəticələri barədə şərh verməkdən imtina ediblər. Kampaniyanın hədəfində olan ondan çox digər konqresmen də şərhlə bağlı müraciətlərə cavab verməyib.

İsrailin nəzarətçi qrupu isə öz hökumətini ölkədə dezinformasiya təhdidləri ilə mübarizə aparmaq üçün çox az iş gördüyü halda, böyük risklər yaradan kobud xarici təsir əməliyyatları aparmaqda günahlandırıb.

- Amerika qanunvericilərinə qarşı fəaliyyət göstərən xarici təsir şəbəkəsi məsuliyyətsiz, ehtiyatsız və antidemokratik bir hərəkət idi. İsrail xarici müdaxilənin qurbanı olmaq istəmirsə, bunu təkbaşına həyata keçirməkdən çəkinməlidir”, - “FakeReporter” qrupunun icraçı direktoru Açiya Şats vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: İsrail   ABŞ  





Xəbər lenti