Bayden Makronun Ukrayna ilə bağlı ideyasını rədd edib - "Politico"

   Bayden Makronun Ukrayna ilə bağlı ideyasını rədd edib    - "Politico"
  07 İyun 2024    Oxunub:843
Fransa prezidenti Emmanuel Makron ABŞ lideri Co Baydenə Qərb hərbi təlimatçılarının Ukraynaya göndərilməsini təklif etsə də, o, bu fikri dəstəkləməyib.
AzVision.az xəbər verir ki, bu barədə “Politico” qəzeti adı açıqlanmayan mənbələrə istinadən yazıb.

Makronun “narahatlıq” hiyləsi
Nəşrin məlumatına görə, Makron bu təşəbbüsü Baydenlə bu yaxınlarda apardığı telefon danışığı zamanı irəli sürüb: “Amerika prezidenti hər hansı NATO ölkəsinin qoşunlarını atəş xəttinə və ya münaqişənin genişlənməsinə səbəb olacağı bir məkana göndərilməsinin potensial nəticələrindən narahatlığını ifadə edib”.

Nəticədə danışıqlar həll yolu tapılmadan başa çatıb.

Müəllif onu da əlavə edib ki, bu cür vəziyyət əslində Makron və Bayden üçün normal hesab olunmalıdır. Çünki onlar bir neçə vacib məsələdə eyni baxışda olmurlar. Xüsusilə, Makron tez-tez Avropanın müəyyən mənada müstəqilliyinin müdafiəçisi kimi aşkar rol oynayır. O, hətta Ukraynada ABŞ administrasiyasını qıcıqlandıran siyasi variantları ortaya qoyur.

Qeyd edək ki, Ukraynaya Qərb ölkələrinin hərbçilərinin göndərilməsi məsələsi bu ilin qışında Makron tərəfindən gündəmə gəlib. Bundan sonra məsələ bir qədər arxa plana atılsa da, son günlər Avropa qoşunlarının Kiyevdə təlimatçı bölüklər kimi peyda olacağına dair siyasi açıqlamalar artıb. Makron özü ötən ay “The Economist” jurnalına müsahibəsində bir daha bəyan etmişdi ki, Ukraynaya hərbçilərin göndərilməsini istisna etmir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Makron   Bayden   Ukrayna   ABŞ   Fransa  





Xəbər lenti