Tokio Putinin bəyanatından narazıdır

   Tokio Putinin bəyanatından    narazıdır
  06 İyun 2024    Oxunub:589
Yaponiya hökuməti Rusiya prezidenti Vladimir Putinin yalnız Tokionun Ukrayna ilə bağlı mövqeyi dəyişdikdən sonra Rusiya-Yaponiya dialoqunun mümkün olacağı barədə sözlərini “ədalətsiz və qəbuledilməz” sayır.
AzVision.az xəbər verir ki, Putinin Rusiya-Yaponiya dualoqu barədə jurnalistlərə cavabında dediklərini Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi növbəti mətbuat konfransında belə şərh edib.

“Biz məsuliyyəti Yaponiyanın üzərinə atmağa çalışan Rusiyanın mövqeyini ədalətsiz və tamamilə qəbulolunmaz hesab edirik” , - Hayaşi deyib.

Rusiyanın Ukraynadakı hərəkətlərini bir daha tənqid edən Hayaşi, həmçinin Tokionun “şimal əraziləri (Yaponiyada Kuril adalarının cənub hissəsi belə adlanır-redş) probleminin həllinə və sülh müqaviləsinə” dair mövqeyinin dəyişməz olaraq qaldığını vurğulayıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın informasiya agentliklərinin rəhbərləri ilə görüşdə Rusiya-Yaponiya dialoqunun yalnız Tokio Ukrayna məsələsi ilə bağlı mövqeyini dəyişdikdən sonra mümkün olacağını bildirb.

- İndi Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi üzrə dialoqun davam etdirilməsi üçün heç bir şərait yoxdur. Biz onu bərpa etməkdən imtina etmirik, ancaq hər şeydən əvvəl
Yaponiya tərəfdən lazımi şərait yaradılarsa”,
- Putin bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi Yaponiyadan fərqli olaraq ikitərəfli dialoqu çətinləşdirəcək heç nə etməyib, lakin Tokio Ukrayna böhranı məsələsində qərəzli mövqe tutur.

Qeyd edək ki, 20-ci əsrin ortalarından etibarən Moskva və Tokio İkinci Dünya Müharibəsindən sonra sülh sazişinin hazırlanması üçün danışıqlar aparırlar. Bunun üçün əsas maneə Kuril adalarının cənub hissəsinə hüquqlarla bağlı mövqe ixtilafıdır. Müharibə başa çatdıqdan sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edildi, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup kiçik məskunlaşmamış adalarına müasir Rusiyanın sahiblik məsələsini mübahisəli sayır.

Tokionun Ukraynadakı vəziyyətlə bağlı anti-Rusiya sanksiyaları tətbiq etməsindən sonra Moskva sülh müqaviləsi üzrə Yaponiya ilə məsləhətləşmələri dayandırıb. Moskva həmçinin Kuril adalarının cənubunda birgə iqtisadi əməkdaşlığın yaradılması müstəvisində Tokio ilə danışıqlardan geri çəkilərək, sektoral dialoq çərçivəsində Yaponiyanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tərəfdaşı statusunun uzadılmasına mane olub.

Sahil İsgəndərov
AzVision.az







Teqlər: Yaponiya   Rusiya  





Xəbər lenti