"38 yaşımda ilk dəfə evim olur" - Prezidentlə görüşən "Cəsur döyüşçü"

 "38 yaşımda ilk dəfə evim olur" -  Prezidentlə görüşən "Cəsur döyüşçü"
  13 May 2024    Oxunub:3264
Xəbər verdiyimiz kimi, mayın 9-da Şuşaya ilk köç karvanı yola salınıb. İlk mərhələdə şəhərə 20 ailə - 88 nəfər köçürülüb.
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər .

Şuşaya köçən və bu görüşdə iştirak edənlərdən biri də Vətən müharibəsi iştirakçısı, “Cəsur” döyüşçü medalı ilə təltif olunan Elvin Məmmədovdur. AzVision.az azad edilmiş Şuşanın ilk sakinlərindən biri olan Elvinlə söhbətləşib.

- Elvin bəy, 32 ildən sonra azad Şuşada ev yiyəsi oldunuz. Bu, necə bir hissdir?
- 38 yaşımda ilk dəfə evim olur. Gərək Şuşaya, bizə qonaq gələsiniz ki, evimin necə gözəl olduğunu görəsiniz. Bunu mən sözlə ifadə edə bilmərəm.

-Eviniz Şuşanın hansı hissəsindədir?
-Şəhərin mərkəzindədir. Oradan baxanda hər tərəfi görürəm. İşğaldan öncə 5 mərtəbəli binada yaşayırdıq. Atam evimizin aynabəndində oyuncaqlarımız üçün yer düzəltmişdi. Üç qardaş mehriban oynayardıq. Məhləmizin arxasında isə dondurma satılan yer var idi.

-İndi həmin evdə yaşayırsınız?
-Yox, ondan bir az yuxarıda qalıram. Evim 3 otaqlıdır, çox gözəl təmir olunub. Digər qardaşlarım hələ Bakıdadırlar.

- Səhv etmirəmsə, Şuşa uğrunda gedən döyüşdə yaralanmışdınız..
-2020-ci ildə noyabrın 4-də Daşaltı əməliyyatında yaralanmışam. Müharibəyə könüllü qatılmışdım. Fövqaladə Hallar Nazirliyində çalışırdım. Polad Həşimovun öldürülməsindən sonra qərar verdim ki, orduya könüllü yazılacağam.

Daşaltıda yaralanandan sonra 4 ay yeriyə bilmədim. Ayağım yer tutan kimi 2021-ci ilin aprel ayında Şuşaya gəldim. Yaralandığım yerə getdim.

- Hazırda Şuşada harada çalışırsınız?
-2023-cü ilin yanvar ayından Şuşa Dövlət Qoruq İdarəsində "Sanitar və təmizlik şöbəsi"nin rəisiyəm.

- Dediniz, yaralandığınız yerə gedirsiniz. Nə hisslər keçirirsiniz?
- Hər il gedib orada oturub ağlayıram. Ürəyimi boşaldıram. Rəhmətə gedən döyüş yoldaşlarımı anıram. Hər noyabrda bir-iki gün özümə gələ bilmirəm.

- Şuşada Prezident İlham Əliyev və xanımı ilə də görüşdünüz. O haqda nə deyə bilərsiniz?
-Cənab prezident mehriban və səmimi insandır. Ancaq necə oldusa, görüş zamanı məni həyəcan basdı. Ona görə də “Vətən müharibəsi” iştirakçısı medalımı çaşıb “Vətən müharibəsi qəhrəmanı” kimi təqdim etdim. Ancaq onu da deyim ki, bu xalqın hamısı Vətən müharibəsi qəhrəmanıdır.









Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti