Mühafizə orderlərinin verilmə müddəti uzadılır

   Mühafizə orderlərinin verilmə müddəti uzadılır
  23 Fevral 2024    Oxunub:540
Məişət zorakılığına məruz qalan şəxslərə mühafizə orderlərinin verilmə müddəti uzadılır.
AzVision.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məişət zorakılığı törətmiş şəxsin hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilir və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi veriləcək.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi veriləcək. Qüvvədə olan qanuna əsasən, 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verilir. Layihəyə əsasən, zorakılığı törədən şəxs tərəfindən artıq qısamüddətli mühafizə orderinin verilməsindən məhkəməyə şikayət veril biləcək.

Layihəyə əsasən, məişət zorakılığı törətmiş şəxs qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malik olacaq. Uzunmüddətli mühafizə orderi 60 gündən 180 gün müddətinədək veriləcək. Qüvvədə olan qanuna əsasən, uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti