"The Times of Israel" xəbər saytı öz mənbələrinə istinadən yazır ki, İsrail atəşkəs və əsir mübadiləsi üzrə sazişin daha bir neçə həftədən çox çəkməyəcəyinə inanır, odur ki HƏMAS-a qarşı əməliyyatları yenidən başlatmağa planlaşdırır.
"Hərçənd ölkənin hərbi və siyasi rəhbərləri daha intensiv hərbi kampaniyanın həyata keçiriləcəyinə, ordunun taktikasının dəyişdiriləcəyinə söz versələr də, praktiki müstəvidə belə bir dəyişiklik nəzərə çarpmır. Hökumət hələ də yalnız HƏMAS-ı aradan qaldırmaq məqsədinə üstünlük verir. Halbuki bu yanaşma düzgün deyil; İsrail məsələyə daha geniş miqyasda baxmalıdır. Əks təqdirdə, terrorçular gözlənilməz üsyan qaldıra, ölkənin təhlükəsizliyi sual altına düşə bilər", - qəzetin müsahibi bildirir.
İsrailin Qəzzada atəşkəsin ikinci mərhələsindən boyun qaçırması təkcə mətbuatın şayiəsi deyil. Belə ki, "Reuters"in məlumatına görə, danışıqlar üçün Misirin paytaxtı Qahirəyə yollanan nümayəndə heyəti birinci mərhələnin daha 42 gün uzadılması tələbini irəli sürüb. Öz növbəsində, belə bir tələblə razılaşmayan HƏMAS "atəşkəs şərtlərinin lazımınca yerinə yetirilməsini" istəyir, hətta beynəlxalq ictimaiyyəti bu məsələdə "İsrailə təzyiq göstərməyə" çağırır. HƏMAS, eyni zamanda, vurğulayır ki, "israilli əsirlərin azadlığa buraxılmalarının yeganə yolu atəşkəs sazişinə sadiq qalmaqdır".
Halbuki HƏMAS da İsraillə mümkün surətdə yenidən müharibəyə artıq hazırlaşır. Fevralın 26-da "The Wall Street Journal" qəzetinin yaydığı xəbərə görə, qruplaşma bu məqsədlə təlimlər keçirir, öldürülmüş komandirlərin yerinə yeni komandirlər gətirir, habelə öz mövqelərini gücləndirərək, yeraltı tunellərdə təmir işləri aparır.
"Belə görünür ki, onlar Qəzzada atəşkəsin pozulması ehtimalını gözləyirlər", - qəzet yazır.
Belə bir mənzərənin fövqündə isə ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə əlaqədar radikal planı durur. Belə ki, fevralın əvvəlində İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evə onun qəbuluna gələndə sözügedən planını dilə gətirmiş, bütün fələstinlilərin müharibə nəticəsində xarabaya çevrilən Qəzzadan daha təhlükəsiz ərazilərə köçürüləciyini və ərazini birbaşa ABŞ-nin nəzarətə götürəcəyini diqqətə çatdırmışdı. O hətta ötən gün özünün "Truth" hesabında bu planına dair süni intellektlə hazırlanmış videoçarx da paylaşıb. Videodan görünür ki, Tramp Qəzzanı "öz məşum keçmişindən qurtararaq, işıqlı turizm mərkəzinə çevirmək" arzusundadır.
![]() |
Tramp: "Qəzza planı uğurla irəliləyir" |
Donald Trampın planı Fələstin Muxtariyyəti və digər ərəb dövlətləri, habelə Britaniya, Fransa, Rusiya və s. ölkələr tərəfindən məqbul qarşılanmayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir planı "İsrail və Fələstin arasında mümkün normallaşma prosesinə qarşı qoyulan "saatlı bomba" kimi qiymətləndirib.
"Sözügedən plan baş tutarsa, faciəvi nəticələr doğura bilər. Bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qərarlarının da pozulması deməkdir", - Lavrov deyib.
Firudin Həmidli
AzVision.az