Azad olunmuş ərazilərdə 10 avtomobil yolundan 4-ü tamamlanıb

   Azad olunmuş ərazilərdə 10 avtomobil yolundan 4-ü tamamlanıb
  13 İyul 2023    Oxunub:1196
Böyük Qayıdışın təmin edilməsi üçün ərazilərin minalardan təmizlənməsi ilə paralel olaraq, ilkin mərhələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə davam edir. Bildirmək istərdim ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə cəmi uzunluğu 513,1 kilometr olan 10 avtomobil yolu layihəsinə başlanılmışdır ki, bunlardan da 4-ü artıq tamamlanıb. Əlavə olaraq, cəmi uzunluğu 157,5 kilometr olan 2 dəmir yolu layihəsi də həyata keçirilir. Füzuli şəhərində 8 ay kimi qısa müddətdə, minalar ilə hədsiz çirklənmiş ərazidə gözəl bir hava limanı inşa olunub.
AzVision.az xəbər verir ki, bunu Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

“Elektrik təchizatına gəldikdə, bildirmək istərdim ki, cəmi gücü 7,8 MVt olan 2 ədəd kiçik su elektrik stansiyası artıq bərpa olunmuşdur. Əlavə olaraq 7 rəqəmsal idarəetmə mərkəzi və yarımstansiya layihəsinə başlanılmışdır ki, bunlardan da artıq 5-i tamamlanmışdır. Su ehtiyaclarının ödənilməsi ilə bağlı ərazidə ümumi həcmi 44,36 mln m3 olan 5 su anbarı və onlara bitişik 2 magistral su kanallarının təmir prosesləri də tam sürətlə davam etdirilir”, - deyə o əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti