Belçikanın Xarici İşlər naziri Zakaniyə yenidən viza verəcəyini deyib
Belçika parlamentinin iranlı üzvü Dərya Səfai Belçika Xarici İşlər nazirinin son açıqlamalarını sərt tənqid edib.
“Üçüncü dəfə parlamentə çağırıldıqdan sonra Belçikanın Xarici İşlər naziri bir sıra boş sözlərlə üzr istəyir, sonra isə diplomatiya bayrağı altında etdiklərinin tamamilə düzgün və qanuni olduğunu söyləyir. Sizin üzr istəməniz boş və saxtadır, hətta hökumətin bəzi partiyaları tərəfindən də qəbul olunmayıb. Biz hələ də onun istefasını tələb edirik. Belçikanın İran sədaları altında rəqs etməyən və girov diplomatiyası ilə məşğul olmayan bilikli xarici işlər nazirinə ehtiyacı var”, - Dəray Şəfai özünün Tvitter hesabında yazıb.
Maraqlıdır ki, bu cür sərt tənqidlər qarşılığında belə Belçikanın Xarici İşlər naziri Haca Ləhbib ölkə parlamentinin Xarici Əlaqələr komitəsinin iclasında mövqeyini dəyişməyəcəyini söyləyib.
- Eyni bələdiyyə sədri yenidən Brüsselə gəlsə, ona yenidən viza verəcəm. Mən bununla bağlı heç nəyi dəyişə bilmərəm” , - Haca Ləhbib bildirib.
Qeyd edək ki, İki həftə əvvəl Əlirza Zakani də daxil olmaqla 14 İran rəsmisinin Belçika hökumətinin verdiyi vizalarla Avropa İttifaqı qurumlarının yerləşdiyi Brüsselə gəlməsi, Belçikanın Xarici İşlər nazirinə və İran nümayəndə heyətinin dəvətçilərinə qarşı sərt tənqid dalğasına rəvac verib.
AzVision.az