Daha 10 nəfər İranda “zəhərli içkilər” dalğasının qurbanı oldu

Daha 10 nəfər İranda “zəhərli içkilər” dalğasının qurbanı oldu
  27 İyun 2023    Oxunub:1730
Bir müddət əvvəl İranda ev şəraitind hazırlanmış spirtli içkilərin istifadəsi nəticəsində Əlborz vilayətində ən azı 13 nəfərin ölümü qeydə alındı. Lakin həmin faciə bu yöndə sonuncu hadisə olmayıb.
AzVision.az bildirir ki, “kustar üsulla hazırlanan spirtli içkilər”in istehlakından yaranan yeni zəhərlənmə dalğasının nəticəsində bu dəfə Pərənd, Rəbatkərim, Ramsər, Amol şəhərlərində 10 nəfərin öldüyü təsdiqlənib.

İran Radio və Televiziya xəbər agentliyinin verdiyi məlumata görə, Tehran vilayətində yerləşən Rəbatkərim və Pərənd şəhərlərində azı 22 nəfərin spirtli içkidən zəhərlənib. Son 4 gün ərzində isə 7 nəfər saxta spirtli içki qəbulu nəticəsində dünyasını dəyişib.

Həmçinin Ramsər Sağlamlıq şəbəkəsinin rəhbəri bu şəhərdə iki nəfərin saxta içkilərdən içdiyinə görə öldüyünü açıqlayıb. Mazandaranın polis komandirinin müavini də Amolda bir vətəndaşın spirtli içkidən vəfat etdiyini bildirib.

“Kustar üsulla hazırlanan spirtli içkilər”in qəbulu nəticəsində yaranan yeni zəhərlənmə və ölüm dalğası ötən həftələrdə Əlborz vilayətində başlayaraq, qısa zamanda Qərbi Azərbaycan və Hörmüzqan əyalətlərinə, daha sonra isə Tehran və Mazandarana çatıb.

Hörmüzqan Tibb elmləri universitetinin təcili yardım şöbəsinin müdiri Mahmud Hüseynpurun son açıqlamasına görə, iyunun 26-na kimi Hacıabad şəhərində 23, Bəndər Abbas şəhərində isə 7 nəfər spirtli içkidən zəhərlənmə əlamətləri ilə tibb mərkəzlərinə müraciət edib. Onlardan səkkizi xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olan 2 nəfər isə süni tənəffüs alır.

Əlborz vilayətinin Təcili Tibbi yardım mərkəzinin rəhbəri Əhməd Məhdəvinin verdiyi məlumata görə, iyunun 25-nə kimi bu əyalətdə 191 nəfər spirtli içkidən zəhərlənib, 17 nəfər ölüb və 4 nəfər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, bəziləri isə kor olub.

Qərbi Azərbaycan vilayətinin səhiyyə orqanları Sərdəşt şəhərində 7 nəfərin zəhərlənməsi və bir nəfərin öldüyünü təsdiqləyib.

İranın məhkəmə tibbi ekspertiza rəhbəri Abbas Məscidi son bir il ərzində İranda 644 nəfər “spirtdən zəhərlənmə” səbəbindən dünyasını dəyişdiyini bildirib ki, bu da ölənlərin sayının 2021-ci illə müqayisədə 30% artması deməkdir.
AzVision.az




Teqlər: İran   alkoqol  





Xəbər lenti