Tehran: Moskvaya dəstəyimizlə bağlı Kiyev heç bir sənəd təqdim etməyib
Nasir Kənani qarşı tərəfin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı İranın Moskvaya dəstəyinə dair “heç bir sənəd” təqdim etmədiyini, habelə münaqişə tərəflərindən hər hansı birinə heç bir silah və texnika vermədiyini söyləyib.
Qeyd edək ki, iyunun 9-da Ağ ev Rusiyanın İran istehsalı olan “Şahid 136” PUA-ları ilə Ukrayna şəhərlərinə hücumları və İranın Rusiya-Ukrayna müharibəsində hərbi iştirakına dair yeni sənədləri dərc edib. Həmin sənədlərdə İranın köməyi ilə Rusiyanı öz ərazisində PUA zavodu yaratmağa hazırlaşdığı bildirilir.
Ağ evin Milli Təhlükəsizlik şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də Rusiyanın may ayına qədər İrandan yüzlərlə intiharçı PUA, eləcə də onların istehsalı üçün avadanlıq aldığını açıqlayıb.
İranın Xarici İşlər nazirliyinin sözçüsü İrana qarşı bu “ittihamları” irəli sürən tərəflərdən “siyasi yanaşma”dan çəkinmələrini tövsiyyə edib.
“Biz Ukraynadakı müharibəni heç bir şəkildə bəyənmirik və bu müharibənin vurduğu insan ziyanı bizim üçün təəssüf doğurur”, - Nasir Kənani deyib.
Qərb ölkələrini bu müharibənin bir tərəfinə ağır texnika və silahlar göndərməsini tənqid edəm Kənani, əslində onların müharibəni bitirmək üçün siyasi həll yoluna maneə olduğunu vurğulayıb.
AzVision.az