Günay Əfəndiyeva Qazaxıstanın Mədəniyyət və İdman naziri ilə görüşüb

Günay Əfəndiyeva Qazaxıstanın Mədəniyyət və İdman naziri ilə görüşüb
  16 May 2023    Oxunub:2104
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “2023-cü il Şuşa – Türk Dünyasının Mədəniyyət Paytaxtı” İlinin rəsmi açılış mərasimi çərçivəsində təşkilatı ziyarət edən Qazaxıstan Respublikasının Mədəniyyət və İdman naziri Asxat Oralovla görüşüb.
Görüşdə Şuşa şəhərinin 2023-cü ilin Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunmasının bütün türk xalqları tərəfindən böyük qürur və fəxarət hissi ilə qarşılandığı bildirilib. Fond tərəfindən Türk Dünyasının şəhərlərində Şuşanın qədim tarixi irsinin, dəyərlərinin tanıdılması məqsədilə keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Fondun Bursa və Daşkənddə təşkil etdiyi geniş miqyaslı “Şuşa Günləri” layihəsinin Qazaxıstanda keçirilməsi planlaşdırılıb.

Görüşdə ümumtürk mədəni irsinin öyrənilməsi, qorunması və dünyada təbliği sahəsində nəzərdə tutulan birgə tədbirlər müzakirə olunub. Eyni zamanda Nazir Fondun Qazaxıstanla sıx əməkdaşlığını yüksək qiymətləndirərək, təşkilatın ölkənin mədəniyyətinin təbliği istiqamətindəki layihələrini dəstəkləməyə hər zaman hazır olduğunu bildirib. Qazaxıstanın Abay, Jambul Jabayev və digər görkəmli ədəbi simalarının yubileyləri çərçivəsində təşkilat tərəfindən aparılmış işlərdən bəhs olunub. Fond tərəfindən Abaya həsr edilmiş yeni kitabın yaxın zamanda işıq üzü görəcəyi diqqətə çatdırılıb.

Görüş Fond ilə Qazaxıstanın qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də gələcək ortaq layihələr istiqamətində fikir mübadiləsi ilə başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti