Separatçılar sosial ədalətsizlikdən gileylənirlər: "Partlayış həddindədiyik"

   Separatçılar sosial ədalətsizlikdən gileylənirlər:    "Partlayış həddindədiyik"
  13 Mart 2023    Oxunub:1227
Qarabağda yaşayan ermənilər indi də sosial ədalətsizliyin, təbəqələşmənin pik həddə çatmasından gileylənirlər.
AzVision.az xəbər verir ki, qondarma rejimin Ardarutyun adlı "partiya"sının İcraiyyə Komitəsinin sədri Arşak Abramyan erməni mediasına açıqlama verərək deyib ki, onların Ermənistanla dəhiz vasitəsilə olan əlaqələrinin zəifləməsi ciddi sosial problemlərə yol açıb.

- 92-ci gündür ki, yol əvvəlki qayda ilə işləmir. Qarabağda (Sülhməramlıların müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərini nəzərdə tutur-red.) sosial ədalətsizlik rekord həddə çatıb. Minlərlə erməni işini itirib. Onların gəlirlərinın azaldığı halda bəzi iş adamları Xankəndi rejimi və vətəndaşların hesabına külli miqdarda gəlir əldə edirlər, - Abramyan gileylənib.

Ekoaksiyanın nəticələri: Separatçılar 150 milyon dollar itirib
O qeyd edib ki, əgər qondarma rejimin rəhbərliyi belə idarəçiliklə eyni məcrada davam etsə, etnik ermənilərin narazılığı artacaq partlayış həddinə çatacaq.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 92 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Erməni   Şuşa  





Xəbər lenti