Şolts müdafiə naziri postuna namizəd tapa bilmir

   Şolts müdafiə naziri postuna namizəd tapa bilmir
  16 Yanvar 2023    Oxunub:701
Almaniya kansleri Olaf Şolts hökumətinin ən azı yarısını qadınlarla tutacağına söz verdiyi üçün müdafiə naziri postuna namizəd tapmaqda çətinlik çəkir.
AzVision.az xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti yazıb. Almaniya Müdafiə Nazirliyinin rəhbəri postunun Kristin Lambrextin istefasından sonra boş qalacağı gözlənilir. Koalisiya tərəfdaşları ilə razılaşmaya əsasən, müdafiə naziri Almaniya Sosial Demokrat Partiyası (SPD) tərəfindən seçilməlidir. Kanslerin vədlərinə görə, bu postda mütləq qadın əyləşməlidir.

Qəzet yazıb ki, Şoltsa belə bir namizəd tapmaq hələ də çətindir. Gender kvotasına riayət etmək üçün vəziyyətdən çıxış yolu nazirlərin yerdəyişməsi ola bilər. Belə ki, müdafiə naziri kişi təyin olunur, qadın isə onun kreslosunu alır.

Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə mümkün namizədlər arasında Almaniya Müdafiə Nazirliyinin dövlət katibi Zimtye Möller, Almaniyanın əmək və sosial məsələlər naziri Hubertus Hayl, Bundestaqın hərbi personal üzrə komissarı Eva Höql, Federal kanslerin departament rəhbəri Volfqanq Şmidt, SPD-nin həmsədri Lars Klinqbeyl var. Nəşr iddiaçılar arasında Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Mari-Aqnes Strak-Zimmermanın da adını çəkir, lakin o, Azad Demokratlar Partiyasının nümayəndəsidir, ona görə də onun təyin olunması ehtimalı azdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti