ABŞ-nin yəhudi icması Trampı məhkəməyə verir
Qaçqınların müdafiəsi və dəstəklənməsi ilə məşğul olan HİAS (Hebrew Immigrant Aid Society) beynəlxalq qeyri-kommersiya təşkilatı 1881-ci ildə ABŞ-də Şərqi Avropada təqiblərdən qaçan yəhudi qaçqınlarına kömək etmək üçün yaradılıb. Təşkilat bu gün Yaxın Şərq, Afrika, Latın Amerikası ölkələrindən bütün dinlərdən və millətlərdən olan qaçqınlara, eləcə də müharibədən zərər çəkmiş ukraynalılara fəal kömək edir.
Məhkəmə prosesində HIAS-la yanaşı “Church World Service” və “Lutheran Community Services Northwest” təşkilatları da iştirak edirlər. Onlar qaçqınların köçürülməsini qeyri-müəyyən müddətə dayandıran və bununla bağlı maliyyələşməni donduran prezident fərmanına qarşı çıxırlar. İddiada Trampın immiqrasiya siyasətini və qaçqınların hüquqlarını tənzimləyən qanunları pozaraq səlahiyyətlərini qanunsuz olaraq aşdığı vurğulanır.
“Amerikanın yəhudi icması mövcudluğunu ABŞ-nin antisemitizm və təqiblərdən qaçan mühacirlərə qapılarını açdığı dövrə borcludur”, - HIAS-ın prezidenti Mark Hetfild deyib.
Onun sözlərinə görə, Trampın siyasətindən zərər çəkənlər arasında xristianlar, yəhudilər və bəhailər, eləcə də dünyanın digər qaçqın qrupları var.
Sahil İsgəndərov
AzVision.az