“Təşkilatçılar tamaşaçıları aldadıb” - İsa Məlikov səsvermədən danışdı

   “Təşkilatçılar tamaşaçıları aldadıb” -    İsa Məlikov səsvermədən danışdı
  16 May 2022    Oxunub:1696
“Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov da müsabiqənin finalındakı səsvermə ilə bağlı açıqlama yayıb.

AzVision.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, təyin edilmiş prosedurlara müvafiq olaraq, finalın nəticələri elan olunmazdan əvvəl kanalımızın müvafiq nümayəndələri tərəfindən müsabiqənin təşkilatçılarına səsvermə vərəqələri göndərilib:
“Prosedurlara əsasən, bu vərəqələr münsiflər heyətinin hər bir üzvü tərəfindən imzalanaraq notarial qaydada təsdiqlənib. Qeyd etmək istərdim ki, notariusun iştirakı, təşkilatçıların irəli sürdüyü mütləq tələblərdən biridir və bu tələbə hər il qeyd-şərtsiz əməl olunur. Buna cavab olaraq, təşkilatçılar Azərbaycanın münsiflər heyətinin üzvlərinin səsverməsi ilə bağlı öz variantlarını göndərərək onun imzalanıb möhürlənməsini ultimativ formada tələb ediblər. Bizim münsiflər heyətimizin səsverməsinə təsir göstərilməsi cəhdləri heç cür izah olunmayıb. Qeyd edim ki, Azərbaycanın münsiflər heyəti 12 xalı Ukraynaya verib”.

O bildirib ki, bundan dərhal sonra təşkilatçılara etiraz məktubu göndərilib: “Həmin məktubda biz bildirirdik ki, nümayəndəmiz bizim münsiflər heyətimizin verdiyi real xalları elan edəcək, biz 12 xalı Ukraynaya vermişik və bu barədə rəsmi bəyanat verəcəyik. Yalnız bundan sonra aldığımız cavabda bildirilirdi ki, ikinci yarımfinalda iştirak edən bəzi ölkələrin səsvermələrinin nəticələri onlara qəribə gəlib və qabaqcadan məlumat vermədən bizim münsiflər heyətimizi öz peşəkar rəyini bildirmək hüququndan məhrum ediblər, bəzi ölkələrin nəticələrini özlərinin düzgün hesab etdikləri şəkildə elan etməyi qərara alıblar. Qeyd edim ki, bu barədə bizə qabaqcadan məlumat verməyi lazım bilməyiblər.

Müsabiqənin təşkilatçıları bizim münsiflər heyətimizin öz qərarını dəyişməyəcəyini başa düşdükdə, canlı yayımda tamaşaçıları aldadaraq guya rabitədə nasazlığın baş verdiyini bildirib və Azərbaycanın münsiflər heyətinin verdiyi xalları özlərinin düzgün hesab etdikləri şəkildə elan ediblər. Bir daha qeyd edim ki, əslində, rabitə ilə əlaqədar heç bir nasazlıq baş verməyib”.

Məlikov qeyd edib ki, finaldan dərhal sonra EBU funksionerləri ilə görüş keçirilib: “Bu görüşdə biz münsiflər heyətimizə münasibətdə yol verilən xoşagəlməz əməllərin hüquqi şəkildə əsaslandırılmasını, «qəribə səsvermə» ilə bağlı irəli sürdükləri iddiaların sübut olunmasını və təşkilatçıların bu cür yolverilməz davranışının səbəblərinin izah olunmasını tələb etmişik. Fikrimizcə, təşkilatçılar yaranan şübhələrlə bağlı bütün məlumatları bizə cümə axşamı, yəni bu şübhələrin yarandığı vaxt məlumat verməli idilər ki, bu vəziyyəti araşdıraraq zəruri hallarda təhqiqat aparmaq mümkün olsun. Əvəzində isə təşkilatçılar Azərbaycan tərəfini xəbərdar etmədən münsiflər heyətimizi peşəkar rəyini bildirmək hüququndan məhrub edib, onların adından yalan nəticələr elan ediblər”.

Nümayəndə heyətinin rəhbəri bunları əlavə edib: “EBU nümayəndəsi bildirdi ki, bu cür hallarda heç bir sübut təqdim oluna bilməz və irəli sürülən iddialar yalnız bəzi ölkələrə münasibətdə yaranan şübhələrə əsaslanır. Həmçinin təşkilatçılar qeyd etdilər ki, şübhələndikləri ölkələrin siyahısını təqdim edə bilməzlər və yalnız ümumi bəyanat verəcəklər. Bundan əlavə, onlar bildirdilər ki, bu məsələ ilə əlaqədar hesabat hazırlayan EBU tərəfdaşından məlumat gözləyirlər. Təşkilatçılar bizə məsləhət gördülər ki, bu məsələni açıb-ağartmayaq, çünki Ukrayna onsuz da qalib gəlib və bizim verdiyimiz 12 xal heç nəyi dəyişməyib. Buna cavab olaraq bildirildi ki, bu məsələdə müsabiqənin qalibinin kimliyindən söhbət getmir. Biz təşkilatçılara suallar ünvanladıq: Münsiflər heyətimizin səsverməsi ilə əlaqədar şübhələrin yaranması barədə nəyə görə bizə qabaqcadan məlumat verilməyib? Əgər bu şübhələr bizim və digər beş ölkənin səsvermə hüququndan məhrum edilməsinə əsas yaradırdısa, nəyə görə bizi və həmin ölkələri diskvalifikasiya etməyiblər? Bu suallara biz əsaslı və inandırıcı cavab ala bilmədik.

Biz hələ də EBU tərəfindən bu sualların cavablandırılacağını, irəli sürdükləri iddiaları sübut edəcəklərini və Azərbaycanın münsiflər heyətinin adından saxta xalların verilməsi üçün hüquqi əsasların təqdim olunacağını gözləyirik”.

AzVision.az


Teqlər: Avrovision  





Xəbər lenti