Dünya iqtisadiyyatını staqflyasiya gözləyir - PROQNOZ

// FT və "Brookings"in ekspertləri həyəcan təbili çalırlar

Dünya iqtisadiyyatını staqflyasiya gözləyir -  PROQNOZ
  18 Aprel 2022    Oxunub:1996
2022-ci ildə qlobal iqtisadiyyatı staqflyasiya (inflyasiya və işsizliyin eyni anda artması - red) gözləyir, çünki Rusiya-Ukrayna münaqişəsi koronavirus pandemiyasından sonrakı iqtisadi bərpanı məhdudlaşdırıb. "Financial Times" qəzeti Brookings İnstitutunun mütəxəssisləri ilə birgə apardığı araşdırmadan sonra bu nəticəyə gəlib.
AzVision.az xəbər verir ki, ekspertlərin fikrincə, əksər ölkələr artan qiymət təzyiqləri, ÜDM-in artımının zəifləməsi, biznes və istehlakçı inamının azalması ilə üzləşəcəklər. Cari il artan inflyasiya təzyiqləri, geosiyasi nizamın dəyişməsi, davamlı təchizat fasilələri, maliyyə bazarındakı təbəddülatlar vəziyyəti çətinləşdirəcək.

Dünya staqflyasiyanın kandarındadır – TƏHLİL
Həm ABŞ-ı, həm Çini, həm də Avropanı ciddi çətinliklər gözləyir. ABŞ-ın istehlak xərcləri güclü qalsa və əmək bazarı COVID-dən əvvəlki vəziyyətə qayıtsa da, yüksək inflyasiya Federal Ehtiyat Sistemini (Fed) narahat edir. Çünki onun mandatına qiymət sabitliyini qorumaq da daxildir. Mart ayında ABŞ-da inflyasiya illik ifadədə 8,5%-ə çatıb ki, bu da 1981-ci ilin dekabrından bəri ən yüksək göstəricidir.

Çinin problemləri hakimiyyətin COVID-19-a qarşı “sıfır tolerantlıq” strategiyası ilə bağlıdır. Ölkənin bir sıra regionlarında tətbiq edilən karantin tədbirləri, o cümlədən Şanxaydakı sərt karantin istehlak xərclərini, investisiyaları və istehsalı zəiflədəcək, pul siyasətinin gözlənilən yumşaldılması isə maliyyə sabitliyi üçün uzunmüddətli riskləri artıracaq.

Avropa iqtisadiyyatı üçün ən böyük risklər Rusiya-Ukrayna münaqişəsi, eləcə də regionun Rusiyadan enerji ixracından asılılığını azaltmaq cəhdləridir.

Qlobal iqtisadiyyatın davamlı inkişaf trayektoriyasında saxlanması pandemiyanın yaratdığı çətinlikləri məhdudlaşdırmaq üçün tədbirlər, geosiyasi gərginliyi azaltmaq üçün addımlar və infrastruktur xərcləri kimi məqsədyönlü tədbirlər də daxil olmaqla, əsas problemlərin öhdəsindən gəlmək üçün birgə fəaliyyət tələb edəcək. Əsas məqsəd qısamüddətli tələbi gücləndirmək əvəzinə uzunmüddətli məhsuldarlığı artırmaqdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:   İqtisadiyyat  





Xəbər lenti