Aldanmamaq üçün necə düşünməliyik

// İnformasiya alarkən tənqidi təfəkkür niyə vacibdir

  Aldanmamaq üçün necə düşünməliyik
  28 Noyabr 2021    Oxunub:7080
“Statista” şirkətinin keçirdiyi sorğuya görə, İnternet istifadəçilərinin 10 faizi saxta xəbərləri paylaşdığını bilir, 49 faizi bundan sonradan xəbər tutur. Necə edək ki, “fake news”lara aldanmayaq və tənqidi təfəkkürümüzü gücləndirək?
Tənqidi təfəkkür nədir

Tənqidi təfəkkür qəbul etdiyimiz informasiyadan və öz düşüncələrimizdən şübhələnməkdir. Bu qabiliyyət aydın və rasional düşünməyə, faktlar arasında məntiqi əlaqə axtarmağa və güclü arqumentlər formalaşdırmağa kömək edir. Tənqidi təfəkkürün əsasında düşüncə qabiliyyəti dayanır.

Tənqidi düşünənlər suallar verir, ideya və mühakimələri həqiqət kimi qəbul etməyərək, şübhə altına alırlar.
Tənqidçi təfəkkürə malik olmaq üçün passiv informasiya alıcısı yox, fəal araşdırıcı olmalısan.
Tənqidi təfəkkürü inkişaf etməyən insan düşünmədən, hiss və intuisiyalarına əsaslanaraq, tez qərar qəbul edir. İnformasiyaya gözucu baxır, arqumentlər üzərində fikirləşmir, dəlillər axtarmır.

Tənqidi təfəkkürü inkişaf etmiş insan qərar qəbul etməzdən qabaq öz reaksiyası üzərində düşünür. Dəlillər tapmayana qədər daxil olan informasiyaya və qənaətlərinə şübhə ilə yanaşır.

Tənqidi təfəkkürə altı mühüm qabiliyyət daxildir: problemlərin həlli, analiz, yaradıcı düşüncə, interpretasiya, dəyərləndirmə və mühakimə yürütmə.



Amerika və Avropa məktəblərində tənqidi təfəkkürü 1930-cu ildən tədris etməyə başlayıblar. “Cambridge Assessment” təhsil saytının apardığı araşdırmaların nəticələrinə görə, 2001-2009-cu illər ərzində tənqidi təfəkkür dərsləri keçilən Britaniya məktəblərinin sayı 130-dan 1000-ə yüksəlib. Eyni zamanda şagirdlərin dərsə davamiyyəti də artıb. “The Foundation for Critical Thinking” fondunun araşdırmalarına görə, tənqidi təfəkkür təhsilin intensivliyini və effektivliyini artırır.

Tənqidi təfəkkür haqqında hələ qədim Yunanıstanda düşünüblər. Platon və Sokrat müəyyən olunmuş faktları şübhə altına alıblar və həqiqəti aşkar etmək üçün suallar veriblər. Müasir dünyada bu qabiliyyətə daha çox ehtiyac var. Tənqidi təfəkkür informasiyanı təhlil etməyə, saxta xəbərlərin təsiri altına düşməməyə və düzgün qərarlar qəbul etməyə imkan verir.

İnformasiyanı tənqidi qəbul etmək niyə vacibdir?

Müasir informasiya axını – yeniliklərin, reklamların, faydalı kontentlərin, təbliğatın bir-birinə qarışdığı daimi xəbər lentidir. Əgər yazılanların və deyilənlərin hamısına inansaq, aldana bilərik. Bizimlə manipulyasiya edər, beynimizə yad fikirləri yeridərlər.

2018-ci ildə Kanadanın “The Toronto Star” qəzeti Donald Trampın prezidentlik dövründə onun 1,3 milyon fikrini yoxlayıb. Qəzetin əməkdaşları 1972 yalan ifadə, 68928 həqiqətə uyğun olmayan söz aşkara çıxarıblar. 2017-ci ildə Donald Tramp gün ərzində təxminən üç yalan açıqlama verib. Bu açıqlamalar Trampa seçicilərin səsini qazanmağa imkan verirdi, ancaq onların seçimləri şüurlu və əsaslı deyildi. Əgər seçiciləri nəsə qane etmirsə, gərək seçkinin nəticələri ilə özləri məşğul olsunlar.


Mediadakı yalan məlumatlar maliyyə durumuna, peşəyə, yaxud şəxsi həyata mənfi təsir göstərə bilər. Ona görə də, yalanı müəyyən etməyi, faktları və rəyləri bir-birindən ayırmağı öyrənmək lazımdır. Aldanmamaq üçün informasiyanı yoxlamaq vacibdir. Bu həm də yalan məlumatı yaymamaq üçün lazımdır. Aldanmış adam panika yaymaqla, inamı sarsıtmaqla, qanunsuzluğa təhrik etməklə real zərər vura bilər. Əlbəttə, heç kəs yalanı şüurlu olaraq qəbul edən insanı informasiyanı yoxlamağa məcbur edə bilməz. Bu hər kəsin şəxsi seçimidir. Ancaq bir şeyi anlamaq lazımdır ki, bu zaman həm də feyk və manipulyasiya mənbəyinə çevrilirsən. Aldanaraq yaşamaq bir məsuliyyətdir, yalanın mənbəyi olmaq isə tamamilə başqa.

İnformasiya qıtlığı nəzəriyyəsinə əsasən, böyük informasiya axını cəmiyyətin müxtəlif təbəqələri arasındakı çatı böyüdür. Təhsilli insanlar lazımi informasiyanı harada axtarmağı bilir, tez öyrənir, feyk və təbliğatı sücgəcdən keçirə bilirlər. Azsavadlılar informasiya axınında özlərini itirir. Onlar faydalı informasiyanı müəyyən edə və tapa bilmirlər. Onların fikri ilə manipulyasiya etmək olur. Bu da inkişafı ləngidir.

Belə çıxır ki, cəmiyyətin yalnız kiçik bir hissəsi düzgün və mühüm informasiya əldə edir. Məsələn, insanlar elmi kəşflərdən uzaq dururlar, çünki onları başa düşmək çətindir. Bu səbəbdən avtomatlaşdırma, yaxud qlobal istiləşmə məsələlərindən baş çıxarmaya, dəyişikliklərə hazır olmaya və işlərini itirə bilərlər. Bu cür insanların fikrini jurnalistlər, korporasiyalar və ya dövlət formalaşdıra bilər.

Tənqidi təfəkkürdən həyatda necə istifadə etməli

Tənqidi təfəkkürü tez öyrənmək mümkün deyil. Bu, xarici dil öyrənmək kimidir. Əvvəlcə hər şey mürəkkəb və anlaşılmaz görünür, ancaq məntiqi qavrayandan sonra asanlaşır. Adətən inandığınız şeylər üzərində düşünməyə başlayın. Məsələn, sosial şəbəkələrdəki tövsiyələri nəzərdən keçirəndə düşünün: niyə sizə məhz bu kontenti bu şəkildə göstərirlər. Həmin məqalənin tezis və arqumentlərinə şübhəylə yanaşın, araşdırmanın mənbələrini, yaxud ekspertlərin mötəbərliyini yoxlayın. Qabiliyyətinizi konkret keyslərdə, məsələn, xəbərlərdə sınayın. Bunun üçün “5W+H”, AMVAIN, leksik analiz və həqiqiliyi yoxlamaq servisləri kimi üsullar kara gələ bilər.

“5W+H” üsulu

“5W+H” daxil olan informasiyaya verə biləcəyiniz suallar sistemidir. W və H xüsusi sualların ingilis dilində ilk hərfləridir.
What? - nə baş verib?
Why? - niyə baş verib?
Who? - bu haqda kim xəbər verib?
Where? - hadisə harada baş verib?
When? – nə vaxt baş verib?
How? – necə baş verib?

Xəbərin doğruluğunu yoxlamaq üçün bu altı suala cavab tapmağa çalışın. Qane olsanız, deməli, jurnalist dürüst, informasiya isə doğrudur.


IMVAIN üsulu

Jurnalist nəyisə xəbər verərkən informasiyanın mənbəyinə istinad etməlidir. IMVAIN metodu etibarlı mənbənin malik olmalı olduğu xüsusiyyətdir. Metod bu xüsusiyyətlərin baş hərflərindən ibarət abbreviatura ilə adlandırılır:

İndependent – müstəqil. Məlumatın mənbəyi kimdir? Mənbə xəbərin yayılmasından hansı faydanı götürür? Nə əldə edəcək və nə üçün?
Multiple – çoxlu. Eyni şeyi deyən başqa mənbələr varmı? Bu xəbəri təkzib edən mənbələr varmı? Mənbə birdirsə, niyə belədir? Mənbə bir neçədirsə, onlar nə dərəcədə bir-birinə bağlıdır və nə səbəbə?
Verify – yoxlanılmış. Mənbələr öz sözlərilə bağlı sübutlar təklif edibmi, yaxud əvvəlki iddialarını təkzib ediblərmi?
Authoritative – avtoritet. Mənbəyə niyə inanmaq olar? O verdiyi xəbərin doğruluğunu haradan bilir? Əgər hadisə yerində şəxsən olmayıbsa, informasiyanı haradan alıb?
Named – adlandırılmış. Mənbə necə adlanır? Onu İnternetdə tapa bilərsinizmi? Əvvəllər ona rast gəlmisinizmi? Əgər onu tapa bilmirsinizsə, bu xəbəri verən nəşrə olan inama nə dərəcədə təsir edir?

IMVAIN suallarını xəbərə yox, yalnız mənbəyə vermək lazımdır. Əgər bütün suallara cavab verdinizsə və onlar sizi qane edirsə, onda mənbəyə etibar etmək olar. Əgər iki və daha artıq suala cavab verə bilmirsinizsə, bu informasiyaya etibar etməyin.

Mətnlərin leksik analizi

Leksik analiz mətnin yoxlanmasının elmi üsuludur. Analiz müəllifin məlumat və faktlarla manipulyasiyasını aşkara çıxarmağa kömək edir. Tam təhlil apara bilmək üçün dərinliklərə baş vurmaq lazımdır, ancaq xəbərləri yoxlamağa mətnin bir neçə əlamətini bilmək yetər.

Evfemizmlər. Xoşagəlməz və yersiz nəsə olanda onlar mənaca neytral olan sözlərlə əvəz olunur. Evfemizmlər xəbəri dəqiq anlamağa mane olur. Məsələn, “bombardman” sözü əvəzinə “havadan müdaxilə” söz birləşməsindən istifadə olunur.

Ekspert rəyi. Ekspertlər faktları təsdiq və ya təkzib edir, oxucunun başa düşməyə çətinlik çəkdiyi mövzunu anlamağa kömək edir. Problem ondadır ki, ekspertin “çəkisi” onun etibarlılığını əks etdirmir. Məsələn, ekspert Qorbaçov dövründən danışır, ancaq ixtisası Birinci dünya müharibəsidir.

Sinonimlər. Mənaca yaxın sözlər xəbərin qavranılmasını və oxucunun düşüncə məntiqini dəyişə bilərlər.

Qiymətləndirici leksika. Jurnalistin vəzifəsi baş verən hadisə haqqında ona qiymət vermədən, rəy bildirmədən və mühakimə yürütmədən maksimum obyektiv təsəvvür yaratmaqdır. Əgər xəbərdə qiymətləndirməyə rast gəlsəniz, deməli, o, subyektivdir.


Üslubi baxımdan savadsız leksika. Xəbərlərdə söyüş və təhqirlərə də rast gələ bilərsiniz. Bu cür xəbərlər qeyri-peşəkardır, odur ki, yalan ola bilər.

İstifadəçilərin rəyi. Oxucuların rəylərindən xəbərin bir hissəsi kimi istifadə olunur və onlar xəbərin özü kimi təqdim edilir. Bu yolla jurnalist oxucunun sözlərinə görə məsuliyyəti üzərinə götürmür.

Mətndə bu əlamətlərə rast gəlsəniz, deməli, dayanmaq və düşünmək lazımdır. Özünüzə suallar verin və onlara tənqidi cavablar tapmağa çalışın.

Həqiqiliyi müəyyən edən servislər

Fotoşəklin həqiqiliyini müəyyənləşdirməyə xüsusi proqram və servislər kömək edir. Onlardan bəziləri ilə tanış olaq:
1. Detecting Fake News – saxta xəbərləri tapmaq üçün maşın texniologiyalı dərs proqramı. Quraşdırmaq üçün təlimatına baxın.
2. Botometеr – Twitter-də akkauntların həqiqiliyini təsdiq edən İndiana Universiteti servisi. Botometer istifadəçilərin, dostların, yaxud abunəçilərin akkaunutunu yoxlayır və ona birdən (real istifadəçi) beş bala (bot) qədər qiymət verir.
3. Politicfact – sayt siyasətçi və blogerlərin açıqlamalarının həqiqiliyini yoxlayır. Saytı Poynter adına Media Araşdırmaları institunun redaktor və jurnalistlərdən ibarət komandası idarə edir.
4. Assembler – servis əsl şəkli feykdən fərqləndirməyə kömək edir və redaktənin izlərini göstərir.
5. Tineye – oxşar şəkilləri tapır (hətta onların üzərində işlənilsə və tərsinə çevrilmiş olsalar belə).

Tənqidi təfəkkürü necə təkmilləşdirməli

Başqa qabiliyyətlər kimi, tənqidi təfəkkürü də inkişaf etdirmək üçün nəzəriyyəni daha dərindən öyrənmək və praktika vərdişi qazanmaq lazımdır. Özümüzü daim düşüncəyə dair altı tələbə uyğun yoxlamalıyıq:

- çevik düşüncə;
- məntiqli ifadə;
- əsaslandırılmış mühakimələr;
- qərəzsiz yanaşma;
- nizamlı fikirlər;
- müstəqil düşüncə.



İnformasiyanı yoxlamaq qabiliyyəti zəif inkişaf edibsə, şübhəli saytlara inanmaq vərdişi varsa, qabiliyyəti inkişaf etdirməklə bağlı çətinlik olmayacaq. Çünki bu zaman adam tənqidi təfəkkürünün zəif inkişaf etdiyini sadəcə dərk etməyəcək. Odur ki, düşünmək lazımdır: informasiya ilə işləməyə nə dərəcədə tənqidi yanaşırsınız.

Tənqidi düşüncə hər dərdə çarə də deyil. Hətta inkişaf etmiş bacarığı olan insan üçün də çətinliklər yarana bilər. Məsələn, informasiya yetərli olmayanda, gizlədiləndə və ya elmi cəhətdən sübut edilmiş faktlar, araşdırmalar yoxdursa. Nəyə şübhə edəcəyinizi bilmirsinizsə, tənqidi düşünmək sizə kömək etməyəcək.

İnformasiya ilə işləyərkən mətnin üzəriylə sürünün, diqqətlə oxuyun, diqqətlə qulaq asın, məntiqi uyğunsuzluqları axtarın, manipulyasiyaları tanımağı öyrənin. Diqqətinizi qoruyun, tənqidi düşüncənizi məşq etdirin. Baş verənləri həqiqətən anlamaq istəyirsinizsə, "mövzuya girmək" üçün sadəcə başlıqları oxumaq düzgün yanaşma deyil.

Hazırladı:
Nadir Qocabəyli
AzVision.az



Teqlər: Tənqidi-təfəkkür   Media-savadlılığı  





Xəbər lenti