Zəngilanda radio və televiziya yayımı təmin olunub

   Zəngilanda radio və televiziya yayımı təmin olunub
  20 Oktyabr 2021    Oxunub:1584
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (Teleradio) İstehsalat Birliyi Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə etməklə 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımını təmin edib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, bu, Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanının icrası ilə əlaqədar infrastrukturun, o cümlədən radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində görülən işlər çərçivəsində baş tutub.

Buna qədər isə Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılaraq ötən il dekabrın 31-dən radio-televiziya yayımı Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib. Həmçinin bu il oktyabrın 4-də Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə və müvafiq yayım avadanlıqları qurularaq istismara verilməklə Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radio proqramının yayımı təmin olunub.

Hazırda işğaldan azad olunan digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir. O cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri kəndi ərazisində yerləşən Şahyeri stansiyasının işinin cari ilin sonunadək bərpası nəzərdə tutulur.

AzVision.az



Teqlər: Zəngilan  





Xəbər lenti