Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılır?

   Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılır?
  28 Fevral 2025    Oxunub:341
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasına dəyişikliklə bağlı referenduma sənədin preambulasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müstəqillik bəyannaməsinə istinadın dəyişdirilməsi təklifini verməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasındakı mənbələrə istinad edən “Hraparak” qəzetinin yazdığına görə, bunun əvəzində Konstitusiyada Paşinyanın müəllifi olduğu “Real Ermənistan” layihəsinə istinad göstəriləcək. Nəşr bildirir ki, təşəbbüsə geniş siyasi dəstək olmasa belə, Paşinyan bu planı həyata keçirməkdə qərarlıdır.

Qeyd edək ki, 2024-cü ilin sentyabrında Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsinin mümkünlüyünü açıqlayıb.

Qalyan: “Ermənistana yeni Konstitusiya lazımdır”
Fevralın 19-da isə Paşinyan vətəndaşlara müraciətində Ermənistanın yeni Konstitusiyasının qəbulu üçün ümumxalq referendumunun keçirilməsinin zəruri olduğunu deyib. Baş nazir çıxışı zamanı Ermənistan hakimiyyətinin əvvəllər irəli sürdüyü “Real Ermənistan” ideologiyası layihəsini təqdim edib.

Bundan əlavə, hakimiyyət nümayəndələri, o cümlədən Ermənistanın Ədliyyə naziri Srbui Qalyan 2026-cı il parlament seçkilərinə qədər Konstitusiyanın yeni mətnini hazırlamaq planlarını açıqlayıblar.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Ermənistan Konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddialarının olduğunu və Bakının İrəvandan bu istiqamətdə “qətiyyətli addımlar” gözlədiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan   Konstitusiya   iddialar  





Xəbər lenti