Avropa Mərkəzi Bankı sensasiyalı proqram qəbul edir

Avropa Mərkəzi Bankı sensasiyalı proqram qəbul edir
  18 Oktyabr 2021    Oxunub:1049
Avropa Mərkəzi Bankının (AMB) rəhbərliyi gözlənilməz bir addım atıb. Müvəqqəti geri çəkilmiş, lakin tam təslim olmamış koronavirus pandemiyası şəraitində bu addım əvvəlcə ekspertlərin çoxunu təəccübləndirib, sonra isə onları tamamilə yeni proqnozlar fonunda Avropa İttifaqının valyuta sisteminin perspektivlərini yenidən, daha sayıq şəkildə qiymətləndirməyə məcbur edib.
AzVision.az xəbər verir ki, AMB-nin menecmenti istiqrazlar alınması üçün şərti adı “Pandemiya dövründə təcili alış layihəsi” olan yeni proqram işləyib hazırlayıb və elan edib. Bu proqrama əsasən 2022-ci ilin mart ayına qədər valyuta bazarında 1,85 trilyon avro alınması planlaşdırılır.

Gözlənildiyinə görə, ABŞ Federal Ehtiyatlar Sisteminin avropalı həmkarları tərəfindən qəbul edilmiş proqram cari ilin qalan ayları ərzində AMB-nin istiqraz alışını artırmağa başlaya biləcəyinə inamını gücləndirməlidir.

Maraqlıdır ki, “Goldman Sachs” şirkəti Avrozona ölkələrində ümumi məhsul artımının 5,4 faiz olacağını proqnozlaşdırıb. Cari ilin dördüncü rübündə baza inflyasiya göstəricisinin tədricən artaraq 1,5 faizə çatacağı gözlənilir. İnflyasiya göstəricisi 2 faizə yaxın olacağı təqdirdə AMB qiymətlərin sabitliyini təmin etmək məqsədilə müdaxilə edə bilər.

Büdcə qaydalarının yeni versiyasının 2023-cü ildən tətbiq ediləcəyi gözlənilir. Lakin belə güman etməyə əsas var ki, fiskal konsolidasiyaya qayıdış ümumdünya iqtisadi böhranından sonrakı və Avrozonada böhran dövründəki kimi kəskin olmayacaq.

Bir faktı da nəzərə almamaq olmaz ki, bir sıra ölkələr, məsələn Avstriya, İrlandiya və Niderland COVID-19 pandemiyasının mənfi təsiri başa çatandan sonra əvvəlki fiskal siyasətə qayıtmağın tərəfdarıdır. Bir sözlə pandemiya, bütün Avrozonanın tarixinə tamamilə gözlənilməz dəyişikliklər edib. Son nəticənin necə olacağını isə əlahəzrət Tarix göstərər.

AzVision.az



Teqlər: Avro  





Xəbər lenti