“Azəriqaz”ın baş direktoru: “Qaz tariflərinə baxış qaçılmaz idi”
R. Əliyev deyib ki, bunun bir çox obyektiv və subyektiv səbəbləri var: “Səbəblərdən biri budur ki, dövlət zərərlə işləyən və büdcəyə yük olan sahələri iqtisadi asılılıqdan çıxarmağa çalışır. Yəni, qurumların rentabelliyinin artırılması əsas prioritetlərdən biridir. Dayanmadan istehlakçı sayının çoxalması dövlətin xərclərinin artmasını qaçılmaz edir. Təsəvvür edin, 1000 kubmetr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir. Digər səbəblərdən biri dünya bazarında təbii qaz da daxil olmaqla qiymətlərin yüksəlməsidir. Pandemiyanın nisbətən səngiməsinin fonunda dünya bazarında müşahidə olunan canlanma bu bahalaşmanı şərtləndirən amillərdən biridir”.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru statistikaya da diqqət yetirməyi vacib sayıb: “Cari ildə sənaye sahələrində istehsalın bərpa olunması dünya bazarında qazın qiymətinə əsaslı şəkildə təsir etdi. İlin əvvəlində 1000 kub metri 335 dollar olan təbii qaz iyul ayında 500 dollara, avqustda isə 600 dollara yaxın olub. Sentyabr ayında birjalarda 1000 kubmetri 700 dollara qalxan qazın qiyməti oktyabr ayında rekord həddə - 1200-1400 dollar aralığına yüksəlib. Üstəlik, neft və qaz avadanlıqlarının qiymətindəki artım da maya dəyərinə kifayət qədər təsir edir. Beləliklə, bu artımların bütün xidmət sahələrinə təsiri tarif məsələsini məcburi şəkildə gündəmə gətirdi. İnanıram ki, iqtisadi asılılığın aradan qaldırılması xidmət sahələrində faydalı iş əmsalına xeyli təkan verəcək”.
AzVision.az