"Şahdəniz-1" çərçivəsində Türkiyəyə qaz yeni şərtlərlə ixrac ediləcək

   "Şahdəniz-1" çərçivəsində Türkiyəyə qaz yeni şərtlərlə ixrac ediləcək
  02 Oktyabr 2021    Oxunub:1289
Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi ("Şahdəniz-1") çərçivəsində Azərbaycandan Türkiyəyə qazın nəqli ilə bağlı üçillik razılaşma əldə olunub.
Bu barədə Azvision.az Azərbaycan Energetika Nazirliyindən verilən məlumata istinadən xəbər verir.

Xatırladaq ki, "Şahdəniz-1" layihəsi çərçivəsində qazın nəqli üzrə müqavilə 2001-ci ildə əldə edilib və onun müddəti bu ilin aprelin 16-da bitib. Müqavilənin müddətinin bitməsindən sonra "Şahdəniz-1" çərçivəsində Azərbaycandan Türkiyəyə qazın nəqli dayandırılmışdı.

"Müqavilə 3 il müddətinə, yəni 2024-cü ilin sonunadək uzadılıb. Qazın nəqli avqust ayından bərpa edilib", - Energetika Nazirliyindən bildirilib.

Verilən məlumata görə, yeni müqavilə ilə Türkiyəyə ildə 3,5 mlrd. kubmetr qaz (bundan əvvəl 6,6 mlrd. kubmetr idi - red.) çatdırılacaq. Bununla yanaşı, "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi ("Şahdəniz-2") çərçivəsində də Türkiyəyə ildə 6 mlrd. kubmetr qazın ixracı da həyata keçiriləcək.

Xatırladaq ki, öncə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov hazırda Türkiyəyə qazın nəqli ilə bağlı yeni müvafiq sazişin qüvvədə olduğunu bildirmişdi.

Qeyd edək ki, "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan Türkiyəyə ildə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr (Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə – red.) qazın nəqli nəzərdə tutulub.

"Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Əlavə etmək lazımdır ki, ötən ilin dekabrın 31-də Azərbaycan Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP vasitəsi ilə Avropaya qazın ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

Azvision.az



Teqlər: Qaz  





Xəbər lenti