Türkün gen təmiri ustası: Prezidentin təltif etdiyi Əziz Sancarın böyüklüyü nədədir

  Türkün gen təmiri ustası:  Prezidentin təltif etdiyi Əziz Sancarın  böyüklüyü nədədir
  11 Sentyabr 2021    Oxunub:6003
Prezident İlham Əliyev böyük türk alimi, Nobel mükafatı laureatı Əziz Sancarı “Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib. Azərbaycan oxucusunun bu böyük türk alimini yaxından tanıması, onun dünya elminə, bəşəriyyətə verdiyi töhfələr haqqında məlumatlı olması həqiqətən vacibdir.
Əziz Sancar 1946-cı ildə Türkiyənin Mardin vilayətinin Savur qəsəbəsində əkinçiliklə məşğul olan orta gəlirli ailədə doğulub. O, səkkiz uşaqlı ailənin yeddinci övladıdır. İki illik ibtidai təhsilini Ankarada, orta təhsilini Savurda alıb. Litseyi isə Mardində oxuyub. Bundan sonra İstanbul Universitetinin Tibb Fakültəsinə daxil olub və ali məktəbi fərqlənmə ilə bitirib.
İlham Əliyev Nobel mükafatı laureatını təltif edib
TÜBİTAK -ın (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu ) təqaüdü ilə getdiyi ABŞ-da bir neçə il biokimya sahəsində təhsilini davam etdirib. Lakin bəzi sosial adaptasiya problemləri səbəbindən vətəninə qayıdaraq, bir müddət Savurda həkim işləyib. Ancaq ürəyi elmi işlərin yanında qalmışdı.

Elə bu səbəbdən ABŞ-a qayıdan Əziz Sancar Dallasdakı Texas Universitetində molekulyar biologiya üzrə doktorluq dərəcəsi almaq üçün araşdırmalara başlayıb. Yel Universitetində doktorantura araşdırmalarına davam edən istedadlı türk burada çox əhəmiyyətli kəşflər edir. Bu nailiyyətləri sayəsində ABŞ-ın Çapel Hill şəhərindəki Şimali Karolina Universitetindən təklif alır.


Orada da çalışmalarına eyni sürət və diqqətlə davam etdirək, bir çox yeni əhəmiyyətli kəşflərə imza atır. Təxminən qırx illik tədqiqat karyerası ərzində bir çox mükafatlar alan Əziz Sancar, nəhayət, DNT-nin təmir (bərpa) mexanizmləriylə bağlı kəşflərinə görə, 2015-ci ildə Kimya üzrə Nobel Mükafatına layiq görülür.

“Maxicell” metodunun inkişafı

Bakteriyalarda xromosomlardan başqa, “plazmid” adlanan daha kiçik dairəvi DNT molekulları ola bilər. Plazmidlərdən molekulyar biologiya sahəsində vacib bir vasitə kimi istifadə edilir.
Əziz Sancar bakteriya hüceyrəsindəki xromosomun ultrabənövşəyi şüaların təsiri ilə məhv edildiyi və plazmidin toxunulmaz və tək hüceyrədə qaldığı Maxicell metodunu inkişaf etdirdi. Beləliklə, məsələn, plazmidə köçürülən genlər və onların protein məhsulları bakteriyaların öz genlərinə və zülallarına müdaxilə edilmədən araşdırıla bilər. Əziz Sancar əvvəlcə bu üsulu DNT-nin bərpasında iştirak edən fermentləri saflaşdırmaq (təmizləmək) üçün hazırlamışdı, lakin bu üsul elmi ədəbiyyata daxil olduğundan Əziz Sancarın həmin məqaləsi 1000-dən çox rəy aldı. Maxicell termini Oxford Biokimya və Molekulyar Biologiya lüğətinə də daxil oldu.

Fotoliaza Fermentinin kəşfi

Əziz Sancar Texas Universitetində doktorantura təhsili zamanı bakteriyalarda UV (ultrabənövşəyi) radiasiyadan zədələnmiş DNT-ni təmir (bərpa) edən fotoliaz fermentini kəşf etdi. Kodlaşdırma genini, yəni genomdan kənarda klonlaşdırmanı bacardı və eyni zamanda bakteriyanı bu fermenti daha çox istehsal etməyə məcbur etdi. Lakin sonradan bu işi təxirə salmağa qərar verdi. Uzun illərdən sonra bu fermentə yenidən qayıdaraq, bakteriyalardakı fotoliazanın DNT-ni bərpa etməsinin izahını verdi.


Bundan başqa, fotoliazanın insanda olan Kirkadian saatı adlanan bioloji bədən saatının işində rol oynadığının isbat olunmasına iştirak etdi.

Nükleotidlərin çıxarılmasından sonra bərpa mexanizminin izahı
Bu, Əziz Sancarın öz təbirincə desək, "ona ən çox ləzzət edən və nadir hallarda duyduğu rahatlığa hiss etdirən" ixtiralarından biridir. Bu bərpa mexanizmi 1964-cü ildə müəyyən edilsə də, detallarının araşdırılmasına nail olunmamışdı.

İlk işinə bakteriyalarla başlayan Sancar bu fermentin DNT bakteriyasında zədələnmiş nukleotidləri aradan qaldırdığını, eyni zamanda bu nükleotidlərin ətrafındakı 12 nükleotidi aşkara çıxardığını kəşf etdi.

Sancar bu bərpanın insanlarda gerçəkləşən versiyasını da araşdırdı. İnsanlarda vəziyyət bir qədər mürəkkəb idi. Əziz Sancar hazırladığı bir testdə insan DNT-də zədələnmiş nukleotidlərin ətrafındakı 27 nukleotidin necə kəsilib atıldığını və "düzgün" nukleotidlərin bu boşluğa necə yerləşdirildiyini kəşf etdi. Bu mexanizmin 16 genin sintez etdiyi 16 zülalla işlədiyini tapdı. Əziz Sancar Nobel mükafatına xüsusilə bu sahədə qazandığı uğurlara görə layiq görülüb. Sancar 2015-ci ilin may ayında öz qrupu ilə birlikdə insan genomunda DNT bərpa genlərinin tam sxemini dərc etdi.

DNT-nin bərpa mexanizminin izahı

Əziz Sancar "biokimyası gözəl, bilikləri gözəl, təqdimatı gözəl" kimi xarakterizə etdiyi kəşfinə həm də "Yunus Əmrə dastanı" deyir. DNT-dəki zədələnməni bərpa edərkən, məsələn, zülalların birləşdiyi hissə zülalların birləşmədiyi hissədən daha səmərəli və daha sürətli bərpa olunur. Bu məlum bir şeydir, amma mexanizmi həll olunmamış qalırdı. Transkripsiya - bir zülalın sintez olunma prosesində RNT adlı vasitəçi molekulun zülalın genindəki koda uyğun sintez olunmasıdır.



Beləliklə, genin məlumatı RNT-yə ötürülür. Protein də RNT koduna görə sintez olunur. Sancar və asistenti transkripsiyaya bağlı DNT təmirini başlayan fermenti saflaşdıraraq, bütün mexanizmini bir məqalədə izah etdilər.

Protein-DNT qovuşmasında molekulyar vasitəçinin Kəşfi

Əziz Sancar molekulyar biologiyanın fundomental mövzularından olan protein-DNT qovuşması ilə bağlı araşdırmaları ilə elmə başqa bir töhfə verdi və elmi ədəbiyyata "molekulyar vasitəçi protein" anlayışını bəxş etdi. Sancar zülalların bədəndəki DNT ilə əlaqə yarada biləcəyini, ancaq bunun laboratoriya şəraitində sınaq şüşəsində mümkün olmadığını aşkar edib. Bundan əlavə, zülalın DNT ilə əlaqəyə girməsi üçün başqa bir zülalın işə düşməsinin zəruri olduğunu anlayaraq, bu proteini "molekulyar vasitəçi" adlandırıb. Molekulyar vasitəçi zülallar DNT ilə əlaqə yaradacaq zülalın üçölçülü quruluşunu dəyişdirərək DNT-yə qovuşmasına imkan verir və beləliklə, yarımstabil bir DNT-protein kompleksi meydana gətirir. Qovuşma baş verdikdən sonra vasitəçi protein bu kompleksdən ayrılır.

Kriptoxrom və bioloji saat kəşfləri

1996-cı ilin mayında Sancar Türkiyədən ABŞ-a gedərkən təyyarədəki bir jurnalda “Jet Lag” haqqında bir məqalə oxuyur. Bu məqalə onun elmə verdiyi altıncı əhəmiyyətli töhfənin müjdəçisi idi. Bir çox canlıda olan 24 saatlıq daxili bioloji saat insan orqanizmindəki müxtəlif metabolik hadisələrin tənzimlənməsində rol oynayır. Sancar məqaləni oxuyarkən insanlarda DNT-ni bərpa etməyən fotoliaza bənzər genlər haqqında düşündü. Bakteriyalardakı fotoliaz fermenti işıqdan təsirləndiyindən, insanlarda fotoliaza bənzər genlərlə kodlanan zülalların gündüz vaxtlarına düşən bioloji saatla əlaqəli ola biləcəyi fikri ağlına gəldi.

O dövrdə yalnız bir bioloji saat geninin mövcud olduğu məlum idi. Sancar fotoliaza bənzər bu genə kriptoxrom (CRY) adını verdi. Mövzu ilə bağlı ilk məqaləsi sadəcə fərziyyə kimi nəşr edildi. Ancaq fərziyyəni isbat etmək lazım idi. CRY1 və CRY2 genlərində mutasiyalar yaratdıqda bioloji saatın pozulduğunu müşahidə etdi. Daha sonra bu mövzuda çalışan digər tədqiqatçılar başqa bioloji saat genləri kəşf etdilər. Bu bioloji saatın kəşfi Əziz Sancara 1998-ci ildə “Science” jurnalının təşkil etdiyi ilin molekulu müsabiqəsində ikinci yeri qazandırdı.

DNT bərpası, hüceyrə düzülüşü, xərçəngin müalicəsi və bioloji saatla bağlı araşdırmalarına davam edən Sancarın bu mövzularda 415 elmi məqaləsi və 33 kitabı nəşr edilib. Xərçəng xəstəliyinin müalicəsində Kirkadian saatından istifadə edilməsini kəşf edən Sancar çoxsaylı mükafatlara layiq görülüb. 2001-ci ildə Amerika Kimya Cəmiyyətinin verdiyi “Şimali Karolinanın Seçkin Kimyaçısı” Mükafatını almağa haqq qazanan Sancar 2005-ci ildə elm dünyasının ən nüfuzlu qurumlarından olan ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk amerikalı türk oldu. Bu mükafatı aldıqdan sonra ABŞ-da təhsil alan türk tələbələrə kömək etmək və Türk-Amerika əlaqələrini yaxşılaşdırmaq üçün həyat yoldaşı ilə birlikdə “Əziz və Quen Sancar” Fondunu yaratdı, ABŞ-ın Şimali Karolina əyalətində "Carolina Turkish House" adlı bir tələbə evi açdı. 2006-cı ildə Türkiyə Elmlər Akademiyasının həqiqi üzvü seçildi.

Əziz Sancar 2015-ci il 10 dekabr tarixində layiq görüldüyü Nobel mükafatını, medal və sertifikatı “Atatürkün qurduğu Türkiyə Cümhuriyyətinin həyata keçirdiyi təhsil inqilabı sayəsində aldığını və bu səbəbdən mükafatın sahibinin Atatürk və Türkiyə Cümhuriyyətini təmsil edən “Anıtkabir Muzeyi" olduğunu bəyan edərək, Qurtuluş Savaşının 2016-cı il Mayın 19-da tamam olan 97-ci ildönümü münsibətilə “Anıtkabir”ə (Məzar-Abidə) bağışlayıb. Mükafat Anıtqəbirdəki Atatürk və Qurtuluş Savaşı Muzeyində xüsusi ayrılmış guşədə nümayiş olunur.

Əziz Sancar hazırda Şimali Karolina Universiteti Tibb Fakültəsinin Biokimya və Biofizika üzrə professoru, UNC Lineberger Kompleks Xərçəng Mərkəzinin üzvüdür. Türk mədəniyyətini tanıtmaq və ABŞ-dakı türk tələbələri dəstəkləmək məqsədi ilə kommersiya təşkilatı olmayan “Əziz və Quen Sancar” Fondunun qurucularından biridir.

Türkiyə ve Amerika Birlışmiş Ştatlarının vətəndaşıdır. Biyokimya professoru Kuin Boles Sancar ilə evlidir.

Nadir Qocabəyli
Azvision.az




Teqlər:   Sancar   Nobel  





Xəbər lenti