LAYİHƏ I “Allah insanı naşükür yaradıb” – Alim Qasımov

LAYİHƏ I “Allah insanı naşükür yaradıb” – Alim Qasımov
  26 Fevral 2014    Oxunub:6389
İnsan yaşadığı, var olduğu müddətdə daima həyatında nəyisə dəyişir. Bu bəzən adi, sadə əşyadan tutmuş çevrəyə, dostlara qədər uzanan bir dəyişiklik olur. Kimi xasiyyətini, evini, iş yerini, kimi həyat yoldaşını, kimi də bütünlüklə həyatını dəyişir. Amma fərq etməz dəyişilənlər və ya dəyişdirilənlər sonradan ömür səhifələrində kiçik, ya da böyük xatirələrə çevrilir. Dəyişikliklər həyatımızda bəzən xoş, bəzən isə xoşagəlməz izlər qoyur .
Amma heç də hər zaman arzuladığımız həyata aparan yolda bəyənmədiklərimizi dəyişdirmək imkanımız olmur. İllər ötdükcə isə edə bilmədiklərimiz “KAŞKİ...”lərə çevrilir. “İndiki ağlım olsaydı”, “İndiki pulum olsaydı”, “ İndiki vaxtım olsaydı” ...... dəyişərdim kimi ifadələrin bəzən sayı-hesabı olmur...

AzVision.az - ın “NƏYİ DƏYİŞƏRDİN?” rubrikasının budəfəki, həmsöhbəti muğam ustadımız, tanınmış xanəndə Alim Qasımovdur. Sənətkar keçmişə qayıtmaq şansı olarsa, həyatında nəyi dəyişmək istədiyindən danışıb.

“Allah insanı elə yaradıb ki, o, naşükürdür”.

-Ola bilsin ki, nəyisə dəyişmək istərdim, nəyisə dəyişmək istəməzdim. Amma, bu Allahın qisməti o qədər nizamlıdır, o qədər gözəldir ki, hər şeyi tənzimləyir.

Tərəzidə çəki düz gəlsin deyə istifadə olunan pərsəng kimi, Allah da bütün yaratdıqlarına pərsəng qoyub. Kim xod gedir bir az onun xodun alır, kim xod getmir ona bir az xod verir. Ona görə də, mən hər şeyi dəyişdirmək istərdim, amma heç nəyi dəyişdirmirəm ki, Allahın qismətidir bu. Və biz səbr etməliyik, 50-60 il ömrü səbrlə başa vurmalıyıq.



“Ömrümüzü yola verib getməliyik...”

-İnsaf , mürvət, iman, din, haqq, ədalət ilə bacardığımız qədər ömrümüzü yola verib, getməliyik əsas yaşadığımız yerə. Buna görə mənə elə gəlir ki, heç nəyi dəyişmək istəməzdim.

Böyük arzularımın hamısını Allah mənə qismət edib. Qismətlərin içində bir az çatışmayan şeylər olacaq, bir az naşükürlər olacaq. Ona görə dəyişsə idi yenə olacaq, dəyişməsə idi də yenə olacaq. İnsanın həmişə problemi, naşükürlüyü var. Biz çalışmalıyıq ki, naşükür olmayaq və Allaha şükür edək.



Keçmiş xatirələri qurdalayanda mən də kaş ki demişəm, amma nə dəxli var ki, bu belə olmalıdır. Sənə qurban. Qoy dəyişdirməyək. Çünki biz bilmirik ki, dəyişsək sonra nə olacaq.









Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti