“Digər qadınlar kimi təmtəraqlı hədiyyələri sevmirəm” - Natəvan Şeyxova

 “Digər qadınlar kimi təmtəraqlı hədiyyələri sevmirəm” -  Natəvan Şeyxova
  18 Mart 2021    Oxunub:5557
Bu gün Xalq artisti Natəvan Şeyxovanın doğum günüdür. 76 yaşını qeyd edən sevimli müğənni ad günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.
“Qadın üçün yaş hər şeydən öncə onun ailəsi deməkdir. İllər qadına həyat yoldaşını, uşaqlarını qazandırır. Ailədə hər şeyin qaydasında olması xanımın xoşbəxtliyi sayılır. Yaşım mənə məşhurluğu, gənclik illərinin çılğınlığını, daha sonra tələbələrimi tanımaq şansını verib. Bu gün məni tanıyan yaxın insanlar, hətta heç vaxt tanımadığım şəxslər də zəng vurub təbrik ediblər. Bu mənim üçün xoş hisslərdir”.



N.Şeyxova doğum gününü ailə daxilində qeyd edəcəyini söyləyib:

“Övladlarım və nəvələrimin əhatəsində yeni yaşımı qeyd edəcəyəm. Biz ümumiyyətlə, bütün bayramları, özəl günləri ailəiçi bir yerdə qeyd edirik. Həyat yoldaşım Rafiq Seyidzadə mənə gül hədiyyə verib, xoş sözlər dedi. O bilir ki, mən digər qadınlar kimi təmtəraqlı hədiyyələri sevmirəm. Ürəkdən gələn xoş sözlər və gül ən böyük diqqətdir. Yoldaşım mənim üçün çox qiymətlidir. Onun sağlam olması ən dəyərli hədiyyədir. Nəvələrim adətən mənə hansısa rəsmi çəkib bağışlayırlar. Onların illər əvvəl verdikləri rəsmləri də qoruyub saxlayıram.

76 il əvvələ geriyə boylananda yaradıcılığa başladığım illəri, Rafiqlə tanışlığımı, uşaqlarımın doğulduğu günləri xatırlayıram. Əlbəttə, həyatın hər bir etapında qeyri-adilik və xoşbəxtlik olur. Mən ümumiyyətlə, özümü xoşbəxt qadın hesab edirəm”.





Şahanə Rəhimli
Azvision.az


Teqlər: NatəvanŞeyxova   müğənni   doğumgünü  





Xəbər lenti