“Ayağım olsaydı, mən də Şuşaya gedərdim” - Ramiz Əzizbəyli

 “Ayağım olsaydı, mən də Şuşaya gedərdim” -  Ramiz Əzizbəyli
  18 Mart 2021    Oxunub:9015
“İşğaldan öncə Qarabağın bir neçə yerində olmuşam, ancaq Şuşanı görməmişəm. Ayağım yer tutsaydı, gəzmək imkanım olsaydı, mədəniyyətin paytaxtını gedib görərdim”.
Bunu Azvision.az -a Xaq artisti Ramiz Əzizbəyli deyib.

Səhhətindən danışan rejissor hazırda özünü yaxşı hiss etdiyini və yazın gəlişinə sevindiyini bildirib: "Yaxşıyam. Bu günümə şükür edirəm. Yaz günəşi çıxdıqca canım isinir, özümü əla hiss edirəm. Doğrudur, mənim ən sevdiyim fəsil payızdır. Çöldə yağış yağanda pəncərədən boylanıb, onu seyr etməyin ayrı ləzzəti var. Ancaq fəslin yaxşısı-pisi olmur. Hamısı bizim ömrümüzün bir parçasıdır. İndi ruhumda bayram əhval- ruhiyyəsi var. Daxilim ətrafımda baş verənlərlə uyğunlaşır. Üç nəvəm var, onlardan böyüyü 15 yaşındadır. Hamısı mənim yanımdadır. Nəvələrin varlığı mənə xoşbəxtlik gətirir”.

R. Əzizbəyli "nəvələrinizə təqaüdünüzdən pay ayırırsınızmı" sualına zarafatla cavab verib:

“Mən simic adamama ha, onu biləsiniz? Zarafat edirəm. Həddindən artıq xeyirxah insanam. Təqaüdümü mənə baxan qızım Xədicə alır. Çünki özüm yataq xəstəsiyəm, hərəkətsizəm. Çox vaxt oturan yerdə yuxulayıram. Çölə çıxmaq imkanım məhduddur, günümü televizora baxmaqla keçirirəm. Nə xoşuma gəlirsə, izləyirəm.

Dekabr ayında sənət adamlarının Şuşaya getdiyini gördüm. Ayağım olsaydı, mən də Şuşaya gedərdim. Vətənin ucu-bucağı yoxdur. Təki vətəni gəzib dolaşasan. İşğaldan öncə Qarabağın bəzi yerlərində olmuşam, ancaq Şuşanı görməmişəm. 44 günlük müharibə zamanı mənim necə həyacan, sevinc keçirdiyimi Allah bilir”.

Xatırladaq ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: RamizƏzizbəyli   aktyor   rejissor  





Xəbər lenti