392 vətəndaşın pozulmuş əmanətçi hüququ bərpa edilib

392 vətəndaşın pozulmuş əmanətçi hüququ bərpa edilib
  15 Mart 2021    Oxunub:1447
2020-ci ildə Azərbaycan Mərkəzi Bankına (AMB) istehlakçılardan və investorlardan ümumilikdə 18 133 müraciət daxil olub.
Azvision.az AMB-yə istinadən xəbər verir ki, onlardan 15 655 müraciət bank sektoruna, 2 262 müraciət sığorta sektoruna, 216 müraciət isə qiymətli kağızlar sektoruna aid olub.

İl ərzində nəzarət subyektlərinə ümumilikdə 372 icrası məcburi göstəriş verilib. Bunlardan 186 göstəriş bank sektoru üzrə, 117 göstəriş sığorta sektoru üzrə, 69 göstəriş isə qiymətli kağızlar sektoru üzrə olub.

Görülən tədbirlərin nəticəsi olaraq “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmana uyğun hesablanmış kompensasiyanın bir hissəsinin – 92,8 min manatın 59 vətəndaşa geri qaytarılması, 19 vətəndaşın müraciəti üzrə daşınmaz və daşınar əmlakların girovdan azad edilməsi barədə müvafiq tədbirlər görülüb, AMB-yə müraciət etmiş 392 vətəndaşın pozulmuş əmanətçi hüquqları bərpa olunub.

Eyni zamanda, 35 vətəndaşın müraciəti üzrə Mərkəzləşdirilmiş Kredit Reyestrinə səhv təqdim edilmiş məlumatlarda dəyişiklik edilməsi üçün zəruri tədbirlər görülüb. Bununla yanaşı, 2020-ci il üzrə ümumilikdə 1 milyon manat məbləğində sığorta ödənişinin zərərçəkmiş şəxslərə ödənilməsinə nail olunub. Qiymətli kağızlar sektoru üzrə isə 43 inzibati xəta haqqında protokol tərtib edilib.


Azvision.az


Teqlər: AMB   Əmanət  





Xəbər lenti