“Tanrı məni yenidən mükafatlandırdı” - Səkinə İsmayılova

 “Tanrı məni yenidən mükafatlandırdı” -  Səkinə İsmayılova
  24 Fevral 2021    Oxunub:5706
Bu gün Xalq artisti Səkinə İsmayılovanın doğum günüdür. Xanəndə 65 yaşını qeyd edir.
Tanınmış muğam ifaçısı yubiley təəssüratlarını Azvision.az -la bölüşüb.

“Mən anadan olanda çox güclü qar yağırmış. 65 illlik yubileyimdə tanrı məni yenidən mükafatlandırdı. Qar bərəkət, ruzi deməkdir. Səhərdən onun yağmasına tamaşa edirəm, çox gözəldir.

Bu gün yubileyimi qələbə qazanmış xalqın xanəndəsi kimi qeyd edirəm. Bir ilə yaxın idi ki, efirlərə çıxmırdım. Bəzənmək, səhnədə oxumaq üçün əhvalım yox idi, ürəyim açılmırdı. Yeni yaşımda isə fərqli hisslər keçirirəm. Fəxrlə deyirəm ki, bu gün mənim anadan olan günümdür. Bundan gözəl yubiley ola bilməz”, - Səkinə İsmayılova deyib.

Xanəndə xalqın sevgisinin ona ən böyük hədiyyə olduğunu söyləyib:

“Yaş müdriklikdir, ağıldır, Allahın sənə bəxş etdiyi ömürdür. Hər adamın yaşa dolmaq şansı olmur. Ömrün yeni çağında mənim ürəyimin simini tərpədən hədiyyə xalqın sevgisidir. Ondan böyük heç nə yoxdur. Bunu var-dövlət, pul və ya sponsor ilə almaq olmaz. Mən xoşbəxt xanəndəyəm. Hər sənətkara həm dövlət, həm də xalq tərəfindən sevilməyi arzulayıram”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Səkinəİsmayılova   xanəndə   yubiley  





Xəbər lenti