Dövlət qulluğu imtahanına 127 müəllim nəzarət edəcək

Dövlət qulluğu imtahanına 127 müəllim nəzarət edəcək
  05 Sentyabr 2020    Oxunub:4813
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 10-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına 127 müəllim nəzarət edəcək.
DİM-dən Azvision.az -a bildirilib ki, imtahanların keçirilməsi üçün 7 bina, 98 zal, 7 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

Bakı şəhərində təşkil olunacaq imtahanda iştirak etmək üçün 1417 namizəd (BA qrupu üzrə 382, BB qrupu üzrə 1035) qeydiyyatdan keçib.

Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti