“Yüksək nəticə göstərəcəyimə əmin idim” - 700 bal toplayan Hüseyn

 “Yüksək nəticə göstərəcəyimə əmin idim” -  700 bal toplayan Hüseyn
  03 Sentyabr 2020    Oxunub:7081
"Dayanmadan çalışaraq, sistemli şəkildə məşğul olaraq, öyrənərək, həvəsdən düşməyərək 700 bal toplamağa nail oldum. Buna görə çox sevincliyəm".
Bunu Azvision.az -a açıqlamasında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında I ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent Hüseyn Abdullayev deyib. O, son 2 il ərzində Xırdalanda hazırlıq kursuna getdiyini söyləyib.

“İmtahan zamanı müəyyən çətinlik çəkdim. Amma çəkilən əziyyət və tələbə olmaq arzusu, istəyi məncə bu çətinliyi hiss etdirmədi”.

Hüseyn bildirib ki, pandemiya ilə əlaqədar dərslərin onlayn olması başlanğıcda effektiv alınmırdı: “Bu da tədrisin onlayn olmasının ilk dəfə təşkil olunması ilə bağlı idi. Amma müəyyən adaptasiya dövründən sonra hər şey əvvəlki axarına qayıtdı. Ənənəvi dərslərdəki kimi məsuliyyətli və sistemli oldum”.



H.Abdullayev buraxılış imtahanları zamanı 300 bal toplayacağına əmin olmadığını etiraf edib. Buna baxmayaraq, o, qəbulda maksimum nəticə göstərmək üçün var gücü ilə çalışıb.

“Dövlət İmtahan Mərkəzinin sınaq imtahanlarında 400 bal toplamışdım. Bu, mənim özgüvənimi artırırdı. Əmin idim ki, qəbulda yüksək nəticə əldə edəcəm”.

Rekordçu abituriyent Bakı Ali Neft Məktəbinin tələbəsi olmaq niyyətindədir. O, BANM-ın İnformasiya təhlükəsizliyi fakültəsində oxumaq istəyir.

Aytən Zəhra
Azvision.az


Teqlər: 700bal   Tələbə  





Xəbər lenti