Mərkəzi Elmi Kitabxanada Azərbaycanşünaslıq şöbəsi yaradılıb

Mərkəzi Elmi Kitabxanada Azərbaycanşünaslıq şöbəsi yaradılıb
  30 Avqust 2020    Oxunub:4579
AMEA Mərkəzi Elmi Kitabxana (MEK) Azərbaycanşünaslığa dair bütün elmi resursları əhatə edərək elektron informasiya mühiti ilə dinamik əlaqəyə öz bəhrəsini verə biləcək rekonstruksiya olunmuş Azərbaycanşünaslıq şöbəsinin yaradılmasına qərar verib. Şöbənin əsas missiyası azərbaycançılıq dünyagörüşünün təbliğatçısı olmaqla yanaşı, azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazasının formalaşmasıdır.
Bu barədə kitabxananın direktoru Sevil Zülfüqarova məlumat verib. O bildirib ki, azərbaycanşünaslığın formalaşmasında tarixçilər, türkoloqlar, şərqşünaslar, qafqazşünaslar, dilşünaslar, etnoqraflar və digər elm sahələrini təmsil edən həm klassik, həm də müasir dövrün yaradıcı insanları, görkəmli alimləri iştirak ediblər.

Bu baxımdan belə bir şöbənin fəaliyyətə başlaması kitabxana üçün zəruridir. Şöbədə azərbaycanşünaslığa dair ictimai, humanitar, dəqiq və yer elmləri sahəsində aparılan tədqiqatların nəticələri – dissertasiyalar, monoqrafiyalar, kitablar, elmi toplular və s. sənədlərin, materialların toplanması, beynəlxalq aləmdə qəbul edilmiş biblioqrafik standartlara uyğun olaraq sistemləşdirilməsi nəzərdə tutulur. Həmçinin ənənəvi (əvvəlki illərdə artıq dondurulmuş və nöqsanlı olan aparat - kataloqlar yenidən işlənilməklə) və elektron informasiya-axtarış aparatının yaradılması, ayrıca ən aktual hesab edilən materialların annotasiyalı elektron məlumat bazasının tərtibi, azərbaycanşünaslıq baxımından xarici dillərdə və fərqli formatlarda olan əhəmiyyətli nəşrlərin xüsusi bölmələrinin əlavə edilməsi nəzərdə tutulur.

Bundan əlavə, azərbaycanşünaslığın aktual mövzularına həsr olunan doğma və xarici dillərdə dövri mətbuat materiallarının elektron məlumat bazasının təşkili də bura daxildir. Mütəmadi olaraq cari, retrospektiv, şəxsi və elmi-sahəvi biblioqrafik göstəricilərin nəşri də şöbənin fəaliyyətinin bir istiqaməti olacaq. MEK-in kitabxana-informasiya şəbəkəsinin müasir informasiya-kommunikasiya texnologiyaları bazasında modernləşdirilməsini nəzərdə tutan konsepsiya əsasında şöbənin əsasnamə və nizamnaməsi işlənilib.

“Strateji məqsədimiz bütün dünya ölkələri ilə beynəlxalq əlaqələrdə informasiya mübadiləsini apara biləcək “Azərbaycanşünaslıq” üzrə elektron informasiya mərkəzinin yaradılmasıdır”, – deyə S.Zülfüqarova qeyd edib.

Azvision.az


Teqlər: Kitabxana  





Xəbər lenti