Xalçaçılığın xammal bazası öyrənilir

Xalçaçılığın xammal bazası öyrənilir
  02 İyun 2020    Oxunub:2689
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun əməkdaşları öz imkanları hesabına Qobustan rayonunda ekspedisiyada olublar.
İnstitutdan Azvision.az -a bildirilib ki, ekspedisiyanın məqsədi xalçaçılıq üçün yararlı olan yun növlərinin müəyyənləşdirilməsi və tədqiqi olub. Sektorun müdiri, tarix elmləri doktoru, professor Vidadi Muradov bildirib:

“Bu gün ölkəmizdə xalçaçılıq qeyri-neft sektorunun aparıcı sahələrindən birinə çevrilməkdədir. Azərbaycan xalçasının yerli xammal əsasında toxunması qarşıya məqsəd kimi qoyulub. Bu məqsədin reallaşdırılması üçün respublikamızda təbii və təsərrüfat imkanları mövcuddur. Tarixən Azərbaycan xalçasını dünyada məşhurlaşdıran da elə onun yerli qoyun cinslərinin yunundan hazırlanan və təbii boyaqlarla boyanan ipliklərdən toxunması olub.

Xalça üçün yun ipliklər Abşeron, Balbas, Bozax, Cəro, Herik, Ləzgi, Mazıx, Merinos, Qala, Qarabağ, Tuş, Qaradolaq, Şirvan kimi qoyun cinslərinin keyfiyyətli yunundan hazırlanıb. Bu ənənə indi də davam etdirilir. Qobustan rayonunda böyük qoyunçuluq təsərrüfatları var. Biz müxtəlif dövrlərdə bu rayonun Çalov, Cəyirli, Nabur, Sündü və s. kimi kəndlərinə səfərlərimiz zamanı əhalinin əsas təsərrüfat sahəsi kimi qoyunçuluqla məşğul olduğunu, burada toxunan xalça və xalça məmulatlarının xammalının da yerli yundan hazırlandığını müşahidə etdik, ənənəvi xalq üsulu ilə yundan ipliyin hazırlanması və boyanması prosesinin şahidi olduq. Bu ekspedisiyamız çərçivəsində Qobustan rayonunun bir neçə böyük qoyunçuluq təsərrüfatlarını öyrəndik. Bu təsərrüfatlarda əsasən Şirvan və Qarabağ qoyun cinsləri yetişdirilir.

Fermerlərdən, çobanlardan qoyunların məhsuldarlığı, yunun miqdarı və keyfiyyəti haqqında məlumatlar aldıq. Yaz yun qırxımının şahidi olduq. Bildirildi ki, ötən ildən etibarən rayonun bütün böyük qoyunçuluq təsərrüfatları yun xammalını “Azərxalça” ASC-nin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinə təhvil verirlər. Bu təsərrüfatlar mövsümə uyğun olaraq tədarük prosesinin intensivliyini təmin etmək üçün geniş imkanlara malikdir. Qobustan rayonunun ərazisində yetişdirilən qoyun cinslərindən alınan yun keyfiyyətinə, xüsusilə lifinin uzunluğuna görə xalçaçılıq sənayesi üçün münasibdir. Yerli fermerlər məhsuldarlığı və alınan yunun keyfiyyətinin tənzimlənməsi üçün daima mütəxəssislərdən məsləhətlər alırlar.

V.Muradov bildirib ki, sektorda respublikamızın digər bölgələrində də qoyunçuluq təsərrüfatlarının yun xammalı imkanlarını tədqiq ediləcək. Bu məqsədlə ekspedisiyalar təşkil olunacaq, çöl materialları əsasında məqalələr dərc olunacaq.


Azvision.az


Teqlər: Xalça  





Xəbər lenti