“Neftin ucuzlaşması sosial layihələrə təsir etməyəcək” - RƏY

 “Neftin ucuzlaşması sosial layihələrə təsir etməyəcək” -  RƏY
  21 Aprel 2020    Oxunub:3445
Neftin dünya bazarında qiymətinin azalması proqnozlaşdırılan idi. Nəzərə alsaq ki, OPEC+ ölkələrinin neft hasilatının azaldılması ilə bağlı anlaşma imzalamasına baxmayaraq, neft bazarındakı bolluğun azalmasına nail olunmadı.
Bunu Azvision.az -a Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, pandemiya neftə olan tələbin kəskin azalmasına səbəb olub.

“Praktik olaraq neftə olan tələb pandemiya səbəbindən gündəlik 20 milyon barel azalıb. OPEC azalmanın təxminən yarısını kompensasiya edə bildi və anlaşma 9,7 milyonluq barel neft hasilatının azaldılmasına hesablandı. OPEC-in məqsədi "Brent" markalı neftin qiymətində kəskin azalmanın qarşısını almaq idi. OPEC+ ölkələri də neft hasilatının azaldılması ilə bağlı anlaşma imzalayan zaman heç də qiymət artımlarını hədəfləmirdi. Bu konteksdən qiymət artımları müşahidə etmədik. Amma OPEC kəskin hasilat azalmalarına getməkdə maraqlı deyil. Çünki OPEC+ ölkələri üçün bazar payının qorunub saxlanması da vacibdir. Kəskin hasilat azalmaları baş verərsə, bu, bütövlükdə bazar payının azalmasına gətirib çıxara bilər. O baxımdan OPEC+ ölkələri pandemiya dövründə mövcud vəziyyəti qoruyub saxlamağa çalışır. ABŞ-da pandemiyaya yoluxan və dünyasını dəyişənlərin sayında ciddi azalmaların olmaması neftə olan tələbin aşağı səviyyədə qalmasına gətirib çıxaracaq. Əslində mövcud pandemiya dövründə neftin dünya bazarında qiymətinin artacağı proqnozlaşdırılmır”.

V.Bayramov hesab edir ki, OPEC+ ölkələri üçün postpandemiya dövrü əhəmiyyətlidir: “Neft ölkələri postpandemiya dövründə qiymət artımlarını hədəfləyirlər. Azərbaycan üçün neftin dünya bazar qiyməti əhəmiyyətlidir. Nəzərə alsaq ki, Azərbaycana daxil olan valyutanın 81 faizi xam neft ixracının payına düşür. Biz neft ölkəsiyik. Neftin dünya bazar qiymətində dəyişikliklər ölkəyə daxil olan valyutanın həcminə təsir edir. Lakin 2015-ci ildən aparılan islahatlar neftin büdcə gəlirləri, ÜDM, eləcə də ixracatda payının azalmasına gətirib çıxardı. ÜDM büdcə gəlirlərində qeyri-neft sektorunun payı daha çox şaxələnib. İxracatın diverfikasiyası zaman tələb edir. Nəticə etibarı ilə neftin dünya bazar qiymətinin aşağı düşməsi ölkəmizə daxil olan valyutanın həcminə təsir edir".

Deputat vurğulayıb ki, 2020-ci il büdcə xərcləmələrində cari və investisiya xərcləmələrinin bir qismi növbəti illərə təxirə salınsa belə, nəticə etibarı ilə sosial layihələrdə hər hansı dəyişikliyin olacağı gözlənilmir.

"Aşağı neft qiymətləri fonunda Azərbaycan höküməti əvvəlcədən proqnozlaşdırılan sosial proqramları və ayırmaları tam olaraq maliyyələşdirmək niyyətindədir. Bununla bağlı hər hansı çətinliyin olacağı gözlənilmir. Sözsüz ki, Azərbaycan üçün neftin aşağı qiymətləri iqtisadi baxımdan məqsədəuyğun deyil".

Aytən Zəhra
Azvision.az


Teqlər: Neft   Hasilat  





Xəbər lenti