“Azərkosmos”un gəliri artıb

   “Azərkosmos”un gəliri artıb
  20 Aprel 2020    Oxunub:2420
“Azərkosmos” ASC dünyada davam edən koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərinin fonunda 2020-ci ilin birinci rübünü uğurla başa vurub.
ASC-dən Azvision.az -a bildirilib ki, “Azərkosmos” bu ilin yanvar-mart ayları ərzində telekommunikasiya və optik peyk xidmətləri təqdim etməklə ümumi 20 milyon manat həcmində gəlir əldə edib. Bu rəqəm ötən ilin analoji dövrünün göstəricisindən 33 faiz çoxdur.

Gəlirin 88 faizi peyk xidmətlərinin ixracından əldə olunub. “Azərkosmos” 24 ölkəyə peyk xidmətlərinin ixracını həyata keçirib və bu ölkələr arasında ABŞ, Birləşmiş Krallıq, Fransa, Almaniya və Birləşmiş Ərəb Əmirlikləri üstünlük təşkil edir.

Birinci rüb ərzində koronavirus pandemiyası qlobal səviyyədə əksər sahələrə olduğu kimi peyk xidmətləri bazarına da mənfi təsirini göstərir. Buna baxmayaraq, “Azərkosmos” peyk xidmətləri üzrə Fransanın “GORSE & Co”, "Zeppit", İtaliyanın "M-Three Sat", Avstriyanın "Zebrafish", İspaniyanın “Oasis Networks”, ABŞ-ın “UltiSat”, Hindistanın “Sofstol, “Mediatech PVT”, Rusiyanın "Rusiya Peyk Rabitəsi", “VES-Media”, Afrikanın "Sairtek", “GlobeCast” və "Telly4Africa" şirkətləri ilə yeni müqavilələr rəsmiləşdirib. Yeni müqavilələrə əsasən adıçəkilən şirkətlər “Azerspace-1” və “Azerspace-2” peyklərinin tutumlarından istifadə etməklə telekommunikasiya xidmətləri təqdim edir.

Azərbaycan da daxil olmaqla Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan ölkələrin qurumları “Azersky” peykinin təsvirlərindən kənd təsərrüfatı, kartoqrafiya və ekoloji monitorinqdə istifadə edib.

Bununla yanaşı, may ayından etibarən “Azərkosmos” Universal Yerüstü Stansiya sayəsində Yaponiyanın “Infostellar” şirkəti ilə imzaladığı müqavilə əsasında müxtəlif peyk operatorlarına məxsus peyklərin keçidlərinə imkan yaradacaq.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” telekommunikasiya peyki olan “Azerspace-1”, yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” və “Azerspace-2”nin operatorudur.

Azvision.az


Teqlər: Azərkosmos  





Xəbər lenti