“Ajiotaj yaratmaq lazım deyil, devalvasiya gözlənilmir” - Sabiq nazir

 “Ajiotaj yaratmaq lazım deyil, devalvasiya gözlənilmir” -  Sabiq nazir
  10 Mart 2020    Oxunub:6978
“Dünya bazarlarında neftin qiymətinin kəskin azalması və bunun hansı fəsadlar yarada biləcəyi ilə bağlı müxtəlif məlumatlar paylaşılır. Azərbaycan dünyanın iqtisadi müstəvisinin bir parçası kimi bu prosseslərdən kənarda deyil. Lakin baş verənləri “iqtisadiyyat çökəcək, manat 2015-ci ildəki kimi kəskin devalvasiyaya məruz qalacaq” kimi təqdim etmək doğru deyil"
Azvision.az xəbər verir ki, bunu "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov deyib. O bildirib ki, son bir neçə gün ərzində Azərbaycan mətbuatında, sosial şəbəkələrdə koronovirusun yaratdığı problemlər barədə çoxsaylı məlumatlar yayılır. Bu məlumatların əsassız olanları daha çoxdur.

"Azərbaycan manatı artıq bir neçə ildir ki, öz sabitliyini qoruyub saxlayır və manatın məzənnəsinin hələ uzun müddət sabit qala bilməsi üçün hökumətin kifayət qədər böyük imkanları var. Bu gün bütün banklarda xarici valyutanın satışı tam sərbəst şəkildə, heç bir məhdudiyyət qoyulmadan, bir dollar üçün 1 manat 70 qəpik kursu ilə həyata keçirilir. Odur ki, ajiotaj yaratmaq lazım deyil. Ölkənin iqtisadi və maliyyə dayanaqlılığı milli valyutanın məzənnəsinin sabitliyi üçün kifayət qədər yetərlidir".

F.Yusifov qeyd edib ki, koronavirusun yaratdığı gərginlik dünya iqtisadiyyatının silkələnməsinə, maliyyə bazarlarının çöküşünə səbəb olsa da, vəziyyətin etiraf edilməyən köklərinin mövcudluğu heç kimdə şübhə doğurmur: “Son illər dünya iqtisadiyyatına təsir edən amillər daha çox siyasi xarakter almağa başlayıb. Artıq bunun bir həqiqət olduğu heç kimdə şübhə doğurmur. Nəhəng güclər arasında aparılan ticarət müharibələri, neftin qiymətləri ətrafında gedən oyunlar bu sıradan olan hadisələrə aiddir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Manat   Dolllar   Devalvasiya  





Xəbər lenti