Azərbaycanda daha çox 40-45 yaşlı insanlar səfərə çıxır
Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, daxili turizm səfərinə əsasən 40-45 yaş aralığında şəxslər çıxmağa üstünlük verir.
Vətəndaşlar bölgələrə əsasən qohumlara, dostlara baş çəkmək məqsədilə (8 milyon 65 min nəfər), istirahət və əyləncə məqsədilə (7 milyon 497 min nəfər), işgüzar məqsədlə (2 milyon 217 min 400 nəfər) müalicə ( 2 milyon 167 min 800 nəfər) və mağazalara baş çəkmək (1 milyon 930 min nəfər) məqsədilə gedirlər.
Yerli turistlər bölgələrə səfər edərkən ən çox şəhərlərarası avtobuslardan istifadə edirlər. Ötən il 14 milyon 284 min 600 nəfər şəhərlərarası avtobuslardan istifadə edib. Bundan əlavə, səyahətçinin mülkiyyətində olan nəqliyyat vasitələrindən istifadə edənlər 4 milyon 631 min nəfər olub.
2019-cu ildə yerli turistlər 3 milyard 481 milyon 623 min 400 manat pul xərcləyiblər. Vəsait əsasən yerləşmə, qidalanma, nəqliyyat xidmətləri, avtonəqliyyat vasitələrinin icarəyə götürülməsi, idman, əyləncə xidmətləri, hədiyyələrin alınmasına sərf edilib.
Aytən Zəhra
Azvision.az