Otellər 4 və 5 ulduz necə ala bilər? - Əsas şərtlər

  27 Fevral 2020    Oxunub : 1132
Otellər 4 və 5 ulduz necə ala bilər? - Əsas şərtlər
"Hər hotel kriteriyalar kataloquna uyğun olaraq bal sistemi əsasında təsnifatlaşdırılacaq. Ulduz kateqoriyası nə qədər yüksək olarsa, tələblər də bir o qədər yüksək olacaq".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Hotellər Assosiasiyasının ulduz təsnifatı üzrə meneceri Rəşad Niyazov bildirib.

Onun sözlərinə görə, hər bir kateqoriya üçün məcburi minimum kriteriyalardan əlavə digər meyarlar da mövcuddur: "Hotel sahibkarı istədiyi ulduz kateqoriyası üçün lazım olan balları əldə etmək məqsədilə bu kriteriyaların hansının tələblərinə cavab verməyi seçməkdə azaddır. Bu, sahibkara, qonaqlarına istədiyi əlavə xidmətləri təklif etmək üçün azadlıq verir".

R.Niyazov deyib ki, hotel 1 ulduz almaq üçün minimum 40 bal, 2 ulduz almaq üçün 54 bal, 3 ulduz almaq üçün 78 bal, 4 ulduz almaq üçün 95 bal, 5 ulduz almaq üçün isə 114 bal toplamalıdır: "4 və 5 ulduzlu hotellər üçün otaqlarda regional məlumat materialları da yerləşdirilməlidir. Bu hotellərdə qeydiyyat zamanı qonaq daxili cihazlardan (seyf, kondisioner və.s) istifadə imkanları barədə açıq şəkildə məlumatlandırılmalıdır. Bu xidmət mehmanxana haqqında informasiya qovluğuna daxil edilməlidir. Tələb olunan kriteriyalardan biri olmazsa, hotel təsnifatlaşdırılmayacaq".

Assosiasiya meneceri qeyd edib ki, verilən sertifikat 3 il qüvvədə olacaq: "Sertifikatın qüvvədə olduğu 3 il ərzində "Trust you" proqramı vasitəsilə qonaqların rəyi izləniləcək və bununla məmnunluq səviyyəsi müəyyən ediləcək. Müştəri məmnunluğu endikdə yenidən hotelə xəbərdarlıq edilir".

R.Niyazovun sözlərinə görə, ulduzlaşma ilkin mərhələdə könüllü aparılacaq: "Assosiasiyasının hazırda 80 üzvü var və onların da yarıdan çoxu Bakıda yerləşir. İlkin olaraq həmin üzv hotellərdə ulduzlaşma aparılacaq. Hotel sənəd qəbulu üçün müraciət etdikdən sonra ulduzlaşma üçün tarix təyin edilir. Hotelin yoxlanılması 3-4 saat ərzində həyata keçirilir, daha sonra isə nəticələr müzakirə üçün müstəqil ekspertlərdən ibarət olan Qiymətləndirmə və Qərəzsizlik Komissiyasına təqdim olunacaq".

Aytən Zəhra
Azvision.az

Teqlər: Hotel   Ulduz