"Seçkidə qalib gələcəyimizə inanırıq" - Vitse-spiker

   "Seçkidə qalib gələcəyimizə inanırıq" -    Vitse-spiker
  06 Dekabr 2019    Oxunub:2620
"Milli Məclisin buraxılması ilə bağlı YAP-ın Siyasi Şurasının məlum qərarı var. Konstitusiya Məhkəməsinin Milli Məclisin buraxılmasının hüquqi əsaslarını şərh edən sənəd, Azərbaycan Prezidentinin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncamı var. Artıq bütün hüquqi prosedurlar keçirilib. Bundan sonra Seçki Məcəlləsinin müddəaları işə düşəcək".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası da daxil olmaqla bütün siyasi partiyalar, özünü bu seçkilərdə sınamaq istəyən hər bir kəs Seçki Məcəlləsinin müddəalarına uyğun şəkildə fəaliyyətini qurmalıdır.

"Biz hər zaman olduğu kimi, bu seçkilərə hazırıq, iştirak edəcəyik. Qalib gələcəyimizə çox böyük inamımız var. Bizim inamımızı şərtləndirən əsas cəhət partiyanın qurucusu Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti davam etdirən Prezidentin və YAP-ın sədrinin İlham Əliyev olması, sıralarında Azərbaycanın ən tanınmış şəxslərin olduğu YAP üzvlərinin çoxluğu, onların partiyaya olan münasibətidir. Ona görə də hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ən yüksək səviyyədə təmsil olunacaq və qələbə yenə də bizim olacaq. Mojaritar seçki olsa da, hansı partiyadan hansı namizədin olacağını siyasi partiyalar müəyyənləşdirir. YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik. Bu qərar necə olacaqsa, onun icrasına bütün partiya üzvləri qoşulacaq. Qərarın elan edilməsi üçün müəyyən vaxt var. Biz həmin vaxt çərçivəsində qərarımızı elan edəcəyik. Daha sonra təbliğat təşviqat kampaniyası başlanılacaq. Çalışacağıq ki, bütün gücümüzü sərf edərək namizədlərimizi dəstəkləyək".

Aytən Zəhra
Azvision.az



Teqlər: MM   BaharMuradova  





Xəbər lenti