
Malayziyaya baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət heyətlə yollanan yığmamızın əla komanda işinin nəticəsi olaraq 196 km-lik ilk yarış günündə Elçin Əsədov məsafəni 3 saat, 57 dəqiqə, 26 saniyəyə başa vurmaqla finiş xəttini 1-ci keçib. Bu nəticə ilə velosipedçimiz ümumi təsnifatın birincisi kimi lider üçün nəzərdə tutulan sarı köynəyi də ələ keçirib. Bundan başqa, mərhələ qalibiyyəti yığmamızın aktivinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün 14 lisenziya xalı qazandırıb.

1-ci mərhələni ilk onluqda bitirənlər arasında yığmamızın digər üzvü Samir Cəbrayılov da var – o fotofinişə əsasən 7-ci yeri tutub. Sabah keçiriləcək 2-ci yarış günündə iştirakçılar 198 km məsafə qət edəcəklər. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək və reytinqin ilk 50 pilləsində yer alacaq ölkələr Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.
Azvision.az