Yeni qatarlar Bakıya yola salınıb - VİDEO

Yeni qatarlar Bakıya yola salınıb -    VİDEO
  05 İyun 2019    Oxunub:2800
Bu gün "Transmaşholdinq”in tərkibinə daxil olan “Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi iki vaqon Bakıya yola salınıb.
Azvision.az metropolitenin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə iyunun 4-də “Metrovaqonmaş" Səhmdar Cəmiyyətində təntənəli tədbir keçirilib.

Mərasimdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Huseynov, "Transmaşholdinq"in baş direktoru Kirill Lipa, “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin baş direktoru Boris Boqatıryov KİV nümayəndələri iştirak ediblər.



Qeyd edilib ki, Bakı Metropoliteninin perspektiv inkişaf planı təsdiq edilərkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən buraya vaqon parkının daha müasir və sərnişinlər üçün daha rahat vaqonlarla təmin edilməsi hesabına yenilənməsi də daxil edilib. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Bakıya yeni qatarların gətiriləcəyini də bildirib.

Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti, cari ildə Bakı metropoliteni üçün 30 yeni vaqon istehsal etməlidir. Bu barədə Rusiya vaqonqayıranları ilə bu ilin əvvəlində müqavilə imzalanıb. 81-765. B81-/766.B modelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aid olaraq 2017-ci ildən istehsal edilir. Bu seriyadan olan vaqonlardan tərtib olunmuş 2 qatar 2018-ci ildə Bakı metrosunda istifadədədir. Sonuncu müqavilə üzrə alınacaq vaqonların birinci heyəti artıq Bakıya yola salınıb.

“Daimi sifarişçi istənilən istehsalçı üçün keyfiyyət göstəricisidir” deyərək mərasimdə çıxış edən “Transmaşholdinq” SC-nin baş direktoru Kiril Lipa bildirib ki, Bakı metropoliteni ilə uzun illərdir səmərəli əməkdaşlıq əlaqələrinin formalaşmasını xüsusi qeyd edərək, metro vaqonları istehsalında onlara etibar etdiklərinə görə “Bakı Metropoliteni” QSC rəhbərliyinə minnətdarlığını bildirib.

Çıxışında iki müəssisə arasında qurulmuş əlaqələrin Azərbaycan ilə Rusiya arasında iqtisadi münasibətlərin inkişafına müsbət təsirlərindən söz açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onu da xüsusi vurğulayıb ki, hələ Bakıda ilk metro stansiyalarının istismara verildiyi vaxt gənc bəstəkar kimi bu hadisəyə mahnı həsr edib. “Metrovaqonmaş”ın istehsal etdiyi vaqonlar sayəsində hər gün gün 600 mindən çox sərnişin Bakı metrosundan istifadə edir.

Təkcə Bakı metropoliteninin deyil, ümumiyyətlə Sovet məkanında metropoliten sisteminin inkişafında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük əməyini qeyd edən “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov 1983-cü ilin dekabrında keçirilmiş tarixi iclasdan bəhs etdi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan ulu öndərin təşəbbüsü ilə metropolitenlərin inkişafına həsr olunmuş həmin iclasda bir sıra tarixi qərarlar verilib. Bu sırada Mıtişşi vaqonqayırma zavodunun (indiki -“Metrovaqonmaş”) yeni istehsal sexinin inşası xüsusi yer tutub.

Məhz ulu öndər sayəsində bu əlaqələr daha da möhkəmlənib. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi qayğı və diqqəti sayəsində Bakı metrosu yeni, müasir qatarlarla təmin edilir və onların hamısı “Metrovaqonmaş” zavodunun istehsalıdır.

“Metrovaqonmaş” SC-nin baş direktoru Boris Boqatıryov Bakıya yola salınan vaqonların ən müasir tipli olduğunu qeyd edərək, Bakı şəhərinin sakinləri və qonaqlarının bu qatarlardan məmnun qalacaqlarına əminliyini ifadə edib.

Bakı metropoliteni üçün istehsal olunmuş vaqonlar sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanıb. Əvvəlki nümunələri ilə müqayisədə indiki vaqonların qapıları daha enlidir, qapıların açılıb bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün rozetkalara malikdir. Baş vaqonlarda əlil arabaları üçün yerlər ayrılıb. Orjinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb.

Hazırda Bakı metropolitenində ən müasir 25 vaqon istismardadır.

Azvision.az


Teqlər: Metro   Qatar   Rusiya  





Xəbər lenti