Azərbaycan “Boeing 737” təyyarələrindən imtina etdi

Azərbaycan “Boeing 737” təyyarələrindən imtina etdi
  03 İyun 2019    Oxunub:4023
Azərbaycan “Boeing 737” təyyarələrindən imtina edib.
Azvision.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) bununla bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycanın “Boeing” şirkəti ilə 10 ədəd “Boeing 737 MAX-8” təyyarəsinin alışını nəzərdə tutan müqaviləni ləğv etdiyi bildirilib. Müvafiq qərar həmin təyyarələrin təhlükəsizliyi ilə bağlıdır.

Qeyd edək ki, 2017-ci ilin aprelində Azərbaycanın “Silk Way Airline” aviaşirkəti və “Boeing” arasında 10 ədəd “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alışı haqqında müqavilə imzalanmışdı. Bu hava gəmilərinin operatoru AZAL şirkəti olmalı idi. Razılaşmanın ümumi dəyəri təqribən bir milyard dollar təşkil edirdi. Azərbaycan müqavilə çərçivəsində təyyarələri üç il ərzində əldə etməli idi.

Hazırda AZAL “Boeing 787”, “Boeing 767”, “Boeing 757”, eləcə də, “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini istismar edir.

Xatırladaq ki, son yarım il ərzində “Boeing 737 MAX” avialaynerinin iştirakı ilə iki qəza baş verib, ümumilikdə 346 nəfər həlak olub.

Aytən Zəhra
Azvision.az


Teqlər: AZAL  





Xəbər lenti