Los Ancelesdə ilk dəfə iftar verilib - FOTOLAR

 Los Ancelesdə ilk dəfə iftar verilib -  FOTOLAR
  03 İyun 2019    Oxunub:2407
ABŞ-ın Los Anceles şəhərində Azərbaycan və Türkiyə Baş Konsulluqlarının birgə təşkilatçılığı ilə mayın 29-da Müqəddəs Ramazan ayı çərçivəsində multikulturalizmə və tolerantlığa həsr olunmuş geniş iftar mərasimi keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Azvision.az -a verilən məlumata görə, 170-ə yaxın qonağın qatıldığı tədbirdə ABŞ Dövlət Departamentinin rəsmiləri, müxtəlif ölkələrin diplomatları, müsəlman, xristian, yəhudi, bəhai, zərdüşt və digər dini icmaların rəhbərləri, həmçinin Azərbaycan, türk, yəhudi, Pakistan, İran və digər icmaların nümayəndələri və jurnalistlər iştirak ediblər.



İftar mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb. Azərbaycanın Los Ancelesdəki baş konsulu və Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev öz çıxışında müasir dövrdə dünyada geniş yayılmış ksenofobiya və irqçiliyə qarşı səmərəli mübarizə aparmaq, qarşılıqlı anlaşma və harmoniyaya nail olmaq üçün müxtəlif dini və etnik icmalar arasında sıx əlaqələrin, dialoq və əməkdaşlığın vacibliyini vurğulayıb.



N.Ağayev bu səpkidə Azərbaycanın uğurlu modelini nümunə gətirərək, tolerantlığın ölkəmizdə çox möhkəm təməl sütunları, zəngin ənənələrinin mövcud olduğunu qeyd edib. Baş konsul Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər də daxil olmaqla, dini və etnik kimliyindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu, dinc və qarşılıqlı anlaşma şəraitində birgə yaşadığını diqqətə çatdırıb. Azərbaycan-Türkiyə dostluğundan danışan N.Ağayev bu münasibətlərin nəinki strateji əməkdaşlıq, həm də uzun bir tarixə malik möhkəm qardaşlıq münasibətləri olduğunu qeyd edib.



Türkiyənin Los Ancelesdəki baş konsulu Can Oğuz Türkiyədə iftar ənənələrindən bəhs edərək, bu müqəddəs ayın eyni zamanda bir-birimizi daha yaxşı anlamağa sövq etdiyini deyib. Baş konsul həmçinin dünyada insanların birliyinə, harmoniya və sülh şəraitində birgəyaşayışına təhlükə törədən şər qüvvələrə qarşı birgə mübarizənin vacibliyini qeyd edib. Azərbaycan-Türkiyə münasibətlərindən danışan C.Oğuz iki ölkənin “bir millət - iki dövlət” olduğunu, iki xalqın mədəniyyət və dil baxımından bir-birinə çox yaxın olduğunu vurğulayıb. O, hər iki ölkədə müxtəlif mədəniyyətlər və dinlərə mənsub insanların yaşadığını deyərək, müxtəliflik və multikulturalizmin Azərbaycan və Türkiyə üçün əsas dəyərlərdən biri olduğunu bildirib.



Sonra çıxış edən dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan, Los Ancelesdə fəaliyyət göstərən Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini ravvin Abraham Kuper, Los Anceles Dinlərarası Şurasının sədri, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan Yepiskop Xuan Karlos Mendez, Beynəlxalq Mövlanə Fondunun nümayəndəsi İsmail Fenter və Los Anceles şəhərinin İnsan Resursları üzrə müvəkkili Amna Qazi dinlərarası dialoqun vacibliyini qeyd edərək, Los Ancelesdə Azərbaycan və Türkiyənin müxtəlif dinləri və icmaları iftar süfrəsi ətrafında bir araya yiğmasının olduqca təqdirəlayiq olduğunu vurğulayıblar.



Sonda iftar süfrəsinə dəvət edilən qonaqlara Azərbaycan və Türkiyə mətbəxinin ləziz təamları təqdim olunub. Azərbaycan və Türkiyə musiqisindən nümunələrin ifası ilə davam edən tədbir tamaşaçıların böyük marağı və gurulturulu alqışları ilə qarşılanıb.








Azvision.az


Teqlər: ABŞ   İftar  





Xəbər lenti