Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib
  02 İyun 2019    Oxunub:2787
İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında növbəti Uşaq festivalı təşkil olunub.
Azvision.az xəbər verir ki, uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib.

Festival çərçivəsində Mərkəzin parkında uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalar yaradılıb, ayrı-ayrı yaş qrupları üzrə əyləncəli və maarifləndirici proqramlar təqdim edilib.

Festivalda Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri də iştirak edib.

Festival saatlarında uşaqlar Heydər Əliyev Mərkəzinin parkında quraşdırılan müxtəlif attraksionlarda, buz meydançasında əylənib, şahmat oyununda, eləcə də bir sıra idman növlərində özlərini sınayıblar.

Azyaşlılar “face art” zonalarında üzlərini arzularına uyğun boyatdırıb, rəqs, DJ, karaoke meydançalarında maraqlı anlar yaşayıb, sirk nömrələri izləyib, animatorlarla əyləniblər. Küçə incəsənəti həvəskarları asfalt üzərində rəsmlər çəkib, avtomobilsevərlər isə ralli meydançasında maşın sürüblər.

Bu gün Mərkəzin parkında heyvansevərlər də müxtəlif macəralar yaşayıblar: onlar burada safari turuna çıxa, mini zoo və mini ferma zonalarında heyvanlarla canlı təmas qura, sualtı dünyanın möcüzələri ilə tanış ola, xidməti itlərin sərgisini izləyə biliblər. Balacalar, həmçinin “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzinin viktorinasında iştirak imkanı qazanıblar.

Həmçinin arxeologiya və astronomiya ilə maraqlanan uşaqlar üçün də xüsusi meydançalar fəaliyyət göstərib.

Əyləncəli və maarifləndirici zonalar “Studyland” uşaq inkişaf mərkəzi, “Creative TK Kids” uşaq mərkəzi, “Sevimli bala” elm mərkəzi, “EkoSfera” sosial-ekoloji Mərkəzi, “Megafun” əyləncə mərkəzi, “Bolşoy Prazdnik” ticarət evi, “Tusi Bohm Planitarium”un dəstəyi ilə yaradılıb. Bakı Kitab Mərkəzi və “3 alma” uşaq ədəbiyyatı nəşriyyatı isə mütaliə zonaları təşkil edib. Tədbir boyu Mərkəzin parkında musiqi proqramları təqdim olunub. Uşaqlar, həmçinin Gənc Tamaşaçılar Teatrının ifasında müxtəlif tamaşalar izləyib.

Mərkəzin parkında “İnnoFest kəndi” də fəaliyyət göstərib. Bu zona Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə keçirilən “İnnovasiya Festivalı” (“İnnoFest”) çərçivəsində təşkil olunub.

“İnnoFest kəndi”ndə innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu, dron və robotlarla iş imkanı yaradan təlimlərin keçirildiyi “Robopark”, interaktiv muzey, VR oyunlar, “Baku Open Cyber Cup“, “TechFest Bakı” zonaları, əyləncə meydançası fəaliyyət göstərib.

Bayram münasibəti ilə uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr verilib.

Beləliklə, uşaqlar iyunun 1-də gün ərzində Heydər Əliyev Mərkəzinin parkında öz arzu və xəyallarını gerçəkləşdirmək, dostları ilə birgə səmərəli asudə vaxt keçirmək, bayramlarını birgə qeyd etmək imkanı qazanıb.

Azvision.az


Teqlər: Festival   Uşaq  





Xəbər lenti