“Polşa Azərbaycanın Avropadakı əsas dayaqlarından biridir” - Politoloq
Politoloq xatırladıb ki, Polşa prezidenti İlham Əliyevlə görüşdən başqa biznes konfransda iştirak edib və polşalı memarların Bakıda xatirəsinə həsr edilən lövhələrin açılış mərasiminə qatılıb.
"İki ölkə arasındakı əməkdaşlığın keçmişə dayanan müsbət tarixi var. Bakının ötən əsrin əvvəllərində inkişafında və müasir görkəm almasında polşalı memarların, mühəndislərin böyük rolu olub".
E.Şahinoğlu bildirib ki, Polşa Avropada Azərbaycana önəm verən əsas ölkələrdəndir.
"Azərbaycanın da üzv olduğu Avropa İttifaqı Şərq Tərəfdaşlıq Proqramı ideyası da vaxtilə Polşa tərəfindən irəli sürülüb. İki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, ticarət dövriyyəsi böyük deyil. Ona görə də hazırda iki ölkə arasındakı əlaqələrin inkişafında başlıca məqsəd istisadi əlaqələri yüksək səviyyəyə qaldırmaq, ortaq layihələri hərəkətə gətirməkdir. Polşada fəaliyyət göstərən Azərbaycan ticarət evinin fəaliyyətini genişləndirməsinə ehtiyac var.
Polşa Azərbaycanın iştirakçısı olan regional layihələrə, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq göstərir. Energetika sahəsində də əməkdaşlığın inkişafı perspektivləri mövcuddur. Məsələn, Polşa prezidenti təklif etdi ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin nümayəndəliyi olsun. Və ya Polşa prezidenti Varşavanın Azərbaycanın “bir kəmər, bir yol” layihəsindəki iştirakından faydalanmaq istədiyini bildirdi. Polşa Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin qısa müddətdə imzalanmasında və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə maraqlıdır. Hər ikisinin müsbət həlli Azərbaycanla Polşa arasındakı strateji münasibətləri üst səviyyəyə qaldıracaq".
Politoloq qeyd edib ki, Polşa birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
"Əlbəttə, Polşanın Ermənistanla da münasibətləri mövcuddur. Ancaq Varşava Cənubi Qafqaz ölkələri içərisində Azərbaycanla əməkdaşlığa önəm verir. Varşava da bilir ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyadan asılıdır. Varşavanın isə Rusiyanın nəzarətində olan ölkələrə münasibəti birmənalı deyil. Polşa Avropa ölkələri içərisində Rusiyanın əsas tənqidçilərindəndir", - deyə E.Şahinoğlu vurğulayıb.
Qeyd edək ki, bu gün Polşa prezidenti Andjey Duda Azərbaycanda rəsmi səfərdə olub. O, səfər zamanı Prezident İlham Əliyevlə önəmli görüşlər keçirib.
Azvision.az