Leyla Əliyeva Autizm Mədəniyyət Festivalında - FOTO

 Leyla Əliyeva Autizm Mədəniyyət Festivalında -  FOTO
  01 İyun 2019    Oxunub:2924
Mayın 31-də Azərbaycanda ilk dəfə autizm sindromlu uşaqların I Autizm Mədəniyyət Festivalı təşkil olunub.
Tədbir "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyi, "Birgə və Sağlam" İctimai Birliyi və "Ümid var" xeyriyyə könüllülərinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Festivalda autizmli uşaqlar incəsənətin müxtəlif sahələrində istedadlarını nümayiş etdiriblər, pianoda və xor şəklində mahnılar ifa edərək “Biz də cəmiyyətin ayrılmaz parçasıyıq” mesajını verməyə çalışıblar.



Festivalda iştirak edən Əməkdar artist Tünzalə Ağayeva və başqaları autizmli uşaqların yanında olduqlarını nümayiş etdiriblər.

Tədbirdə çıxış edən "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova uşaqlarda autizm spektr pozuntuları və ölkəmizdə bu istiqamətdə görülən işlər haqqında məlumat verib.



Festivalda autizm sindromlu uşaqlar podiumda model kimi bacarıqlarını da göstəriblər. Onlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsəri köçürülmüş parçadan hazırlanan kolleksiyanı təqdim ediblər. Modelyer-dizayner Zemfira Musayevanın hazırladığı kolleksiyanı podiumda "Birgə və Sağlam" İctimai Birliyinin reabilitasiya mərkəzinin 10 uşağı nümayiş etdirib. Ətrafdakılardan anlayış, sevgi, qayğı və mərhəmət gözləyən uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması baxımından moda nümayişi mühüm əhəmiyyət kəsb edib.

Festivala Türkiyədən də istedadlı autizmli uşaqlar qatılıblar. İzmir Autizm Orkestri - İZOT xor qrupu tədbirdə maraqlı proqramla çıxış edib.

Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən autizm sindromlu uşaqların özlərini bizlərdən biri hiss etmələri üçün bəzi nömrələrdə onların normal inkişaf edən həmyaşıdları ilə birlikdə çıxış etmələrinə şərait yaradılıb.

Tədbir çərçivəsində, həmçinin Dövlət Pantomim Teatrının aktyorlarının və cəmiyyətdə tanınan bir sıra peşə sahiblərinin iştirakı ilə “Autizm fərqli və bizdən biri” mövzusunda fləşmob təqdim olunub.

Autizmli uşaqların sosiallaşması, cəmiyyətə inteqrasiya olunması baxımından mühüm əhəmiyyət kəsb edən festival həm də maarifləndirici xarakter daşıyıb. Tədbir ərzində qonaqların "Autizm nədir?" sualına cavab tapmaları üçün qısametrajlı filmlər, sosial çarx, klip göstərilib, bukletlər paylanılıb.

Azvision.az


Teqlər: Leyla-Əliyeva   Festival  





Xəbər lenti